Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, beşinci yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
55 kiloqram çəki dərəcəsindəki təmsilçimiz Elmir Əliyev 1/8 finalda iranlı həmkarıyla gərgin mübarizə şəraitində keçən görüşdə minimal fərqlə uduzub (4:5).
Ziya Babaşov (63 kq) debütdə yerli güləşçiyə 0:10 hesabı ilə yenilib.
Elcan Məmmədov (77 kq) təsnifat mərhələsində cəmi 40 saniyəyə Polşa idmançısının kürəyini yerə sıxıb. Ancaq 1/8 finalda Belarus təmsilçisinə məğlub olub (1:4).
Laçın Vəliyev (87 kq) startda serbiyalı rəqibinə 5:2 hesabı ilə qalib gəlib. Növbəti mərhələdə İsveç güləşçisini 6:0 üstələyən pəhləvanımız 1/4 finala yüksəlib. Burada Almaniya təmsilçisindən də güclü olan (3:1) həmyerlimiz adını yarımfinala yazdırıb. O, finala vəsiqə uğrunda Tirone Stekelenburq (Hollandiya) ilə qarşılaşacaq.
Sərxan Məmmədov (130 kq) ilk görüşdə iranlı rəqibini minimal fərqlə üstələyib (3:2). Məmmədov polşalı güləşçiyə də gücünü göstərərək yarımfinala adlayıb. (3:1). İdmançımız yunanıstanlı Nikolaos Ntunias ilə münasibətləri aydınlaşdıracaq.
Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 15:45-də start götürəcək.
Qeyd edək ki, dünya birinciliyinə avqustun 22-də yekun vurulacaq.
Sahib Əsədbəyli