Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa birinciliyində final döyüşlərinə start verilib.
Fanat.Az xəbər verir ki, çempionluq uğrunda mübarizədə rinqə ilk olaraq Azərbaycan millisinin üzvü Kənan Babayev çıxıb.
Türkiyəli Telet Yağlı, gürcüstanlı Oruc Əhmədov və irlandiyalı Tedi Coysu məğlub edən ölkə çempionu final döyüşündə polşalı Nikolas Marsel Pavliklə qarşılaşıb. 48 kiloqram çəki dərəcəsində baş tutan görüş təmsilçimizin inamlı qələbəsi ilə yekunlaşıb. Uğurlu seriyasını davam etdirən Babayev bu dueldən də qalib ayrılıb – 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28).
Bununla da Kənan qitə birinciliyinin qızıl medalına sahib olub.
Beləliklə, Azərbaycan yığması 40 ölkədən 400-dən çox boksçunun qatıldığı Avropa birinciliyində çıxışını 1 qızıl və 1 bürünc medalla başa vurub. Xatırladaq ki, Babayevdən öncə Amin Məmmədzadə (51 kq) 3-cü yeri tutub.