Basketbol üzrə Azərbaycan çempionatında iştirak edəcək klublar müəyyənləşib.
Fanat.Az xəbər verir ki, oktyabrın ikinci ongünlüyündə startı gözlənilən 28-ci Azərbaycan çempionatının oyunları "Sərhədçi" İdman Olimpiya Mərkəzində baş tutacaq.
Azərbaycan Basketbol Liqası (ABL) adı ilə keçiriləcək çempionatda 3-ü region komandası olmaqla, ümumilikdə 8 komanda qələbə uğrunda mübarizə aparacaq.
Bunlar "AAAF Xırdalan BK", "Gəncə BK", "NTD BK", "Neftçi İK", "Olimpik Şəki BK", "Sərhədçi PİK", "Sabah Bakı BK", "Zirvə Astara BK"-dır.
Ötən çempionatla müqayisədə, yeni reqlamentə əsasən, komandalar dairəvi sistemlə 4 dövrədə üz-üzə gələcək. Çempionatın müntəzəm mövsümündə ilk dörd pilləni tutmuş komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar. Yarımfinallarda ən tez 2, finalda isə ən tez 3 qələbə qazanmış komanda qalib sayılacaq.
Qeyd edək ki, 1 oktyabrda əsas çempionata hazırlıq məqsədi daşıyan mini turnir baş tutacaq. Oyunlar "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcək.