Çexiyanın Havirov şəhərində stolüstü tennis üzrə “Eurotalents Development Camp” adlandırılan təlim-məşq toplanışı və turnirə bu gün yekun vurulub.
Fanat.Az xəbər verir ki, 9-15 oktyabr tarixlərində keçirilən toplanışda 15 və 17 yaşadək idmançılar bacarıqlarını göstəriblər.
Çexiya sınaqlarında ölkəmizi milli komandanın məşqçisi Ramil Cəfərovun rəhbərliyi ilə Mərziyyə Nurmətova və Adil Əhmədzadə təmsil edib. Toplanışdan sonra keçirilən turnirin yalnız final görüşündə uduzan Mərziyyə Nurmətova fəxri kürsünün ikinci pilləsinə qalxıb. Adil Əhmədzadə isə 7-ci yerlə kifayətlənib.
Qeyd edək ki, Havirov şəhərində Çexiya, Azərbaycan, Avstriya, Niderland, Yunanıstan, Slovakiya, Latviya və Kosovo tennisçiləri bir araya gəliblər.