Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" onlayn seriyasının səkkizinci mərhələsində bu gün növbəti görüşlərini keçirəcək.
Fanat.Az xəbər verir ki, yarışın ikinci günündə daha dörd tur oynanılacaq. Məmmədyarov ilk olaraq qara fiqurlarla almaniyalı Vinsent Keymerlə üz-üzə gələcək. 37 yaşlı qrossmeyster ardınca Mittal Aditya (Hindistan), Rixard Rapport (Rumıniya) və Anton Quicarronu (İspaniya) sınağa çəkəcək.
İlk dörd turdan sonra 7 xal toplayan Şəhriyar turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Lider 10 xala malik Nodirbek Abdusattarovdur (Özbəkistan).
Ümumi mükafat fondu 150 min dollar olan turnirin ilk dörd günündə iştirakçılar dairəvi sistemlə oynacaq. Bundan sonra ilk səkkiz yeri tutacaq şahmatçı pley-offa vəsiqə qazanacaq.
Qeyd edək ki, "Aimchess Rapid" adlanan turnir oktyabrın 21-dək davam edəcək.