
UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Kiyev "Dinamo"su ilə qarşılaşacaq "Qarabağ"ın avqustun 6-da səfərdə keçirəcəyi ilk oyuna neçə itki ilə çıxacağı bəlli olub.
Fanat.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, iyulun 5-də matçın baş tutacağı Polşaya yola düşəcək Ağdam təmsilçisinin çalışdırıcısı Qurban Qurbanov Lublin şəhərində reallaşacaq qarşılaşmada yalnız bir futbolçunun xidmətindən faydalana bilməyəcək ki, bu da isveçli hücumçu Zakaria Savodur.
Hazırda heyətdə UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab qarşılaşmasında - ÇSKA ilə Sofiyadakı matçda (0:0, penaltilər - 4:5) zədələnərək 8 həftə müddətinə sıradan çıxan Savodan başqa nə zədəli oyunçu var, nə də cəzalı.
Xatırladaq ki,Ukrayna komandası ilə Polşadakı qarşılaşma Bakı vaxtı ilə 21:00-da start götürəcək. UEFA görüşü danimarkalı hakimlər briqadasına tapşırıb. Baş hakim Morten Kroqa laynsman qismində Şteffen Bramsen və Viktor Skite kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək. VAR-da Yakob Kelet, AVAR-da isə Yens Maye olacaq. Tərəflərin cavab oyunu avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Bakıdakı matçın start fiti saat 20:00-da səsləndiriləcək.
Nihat