"Meltwater Champions Chess Tour" onlayn şahmat seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turniri davam edir.
Fanat.Az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov turnirin üçüncü günündə daha 4 oyun keçirib. Onun bütün rəqibləri Hindistan təmsilçiləri olub.
Günün ilk görüşündə Arcun Eriqaisiyə qalib gələn 37 yaşlı qrossmeyster ardınca Santoş Viditlə bərabərliyə razılaşıb.
11-ci turda Dommaracu Qukeşə məğlub olan “Şah” günü Pentala Harikrişna üzərində qələbə ilə başa vurub.
Beləliklə, xalını 23-ə çatdıran Məmmədyarov turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Lider 25 xala malik polşalı Yan-Kşiştof Dudadır.
Ümumi mükafat fondu 150 min dollar olan turnirin ilk dörd günündə iştirakçılar dairəvi sistemlə oynacaq. Bundan sonra ilk səkkiz yeri tutacaq şahmatçı pley-offa vəsiqə qazanacaq.
Qeyd edək ki, "Aimchess Rapid" oktyabrın 21-dək davam edəcək.