Azərbaycan şahmatçısı Aydın Süleymanlı Şarjada (BƏƏ) keçirilən "Masters" turnirində növbəti qələbəsini qazanıb.
Fanat.Az xəbər verir ki, o, dördüncü turda Daniel Yuffanı (İspaniya) məğlub edib. Beləliklə, xalını 2,5-ə çatdıran 17 yaşlı qrossmeyster 9-cu pilləyə yüksəlib.
Sənan Syugirovla (FİDE) "sülh bağlayan" Nicat Abasov da eyni xala malik olsa da, əlavə göstəricilərə görə o, 37-cidir.
Digər şahmatçılarımıza gəlincə, Məhəmməd Muradlı Leon Mendonka (Hindistan) ilə heç-heçə edib, Misrətdin İskəndərov isə Rey Robsona (ABŞ) məğlub olub. Muradlı 1,5 xalla 63-cü, İsgəndərov isə yarım xalla 76-cı yerdədir.
Hərəyə 3 xalı olan 8 şahmatçının yer aldığı liderlər qrupuna Rameşbabu Praqnanandha (Hindistan) başçılıq edir.
Qeyd edək ki, turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.