Kiprin Nikosiya şəhərində Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də iştirakı ilə təşkil olunan qadınlar arasında FIDE Qran-Prisinin dördüncü mərhələsi davam edir.
Fanat.Az xəbər verir ki, turnirdə millimizin lideri ilə yanaşı, Nana Dzaqnidze, Bella Xotenaşvili (hər ikisi Gürcüstan), Aleksandra Kostenyuk (İsveçrə), Tan Çonqyi (Çin), Bibisara Assaubayeva (Qazaxıstan), Harika Dronovalli (Hindistan), Aleksandra Qoryaçkina, Yekaterina Laqno, Polina Şuvalova (hamısı FIDE), Dinara Vaqner (Almaniya) və Oliviya Kiolbasa (Polşa) mübarizə aparır.
Bu gün yarışda altıncı turun görüşləri baş tutacaq. Günay bu turda Xotenaşvili ilə üz-üzə gələcək.
Təmsilçimiz ilk turda qara fiqurlarla O.Kiolbasa ilə qarşılaşıb və rəqibinə qalib gəlib. İkinci və üçüncü turlarda müvafiq olaraq Katerina Laqno və Polina Şuvalovaya (hər ikisi FIDE) yenilib. Dördüncü və beşinci turlarda isə Assaubayeva və Çonqyi ilə "sülh bağlayıb". Hazırda o, 2 xalla turnir cədvəlində 8-10-cu yerləri bölüşdürür. Laqno, Dronovali və Çonqyi hərəyə 3,5 xalla ilk üç pillədə yer alıblar.
Qran-Prinin dörd mərhələsi ərzində iştirakçılar reytinq xalları qazanır və seriyanın sonunda ən yaxşı iki şahmatçı Namizədlər Turnirinə vəsiqə qazanacaq. Məmmədzadə üçün bu, cari ildə ilk Qran-Pri turniridir.