
Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadası davam edir.
Fanat.Az xəbər verir ki, Azərbaycan milliləri bu gün növbəti oyunlarını keçirəcəklər.
Kişilərdən (Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərli) ibarət yığma 10-cu tur çərçivəsində Bolqarıstanla üz-üzə gələcək.
Qadınlar (Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova) isə Sloveniyadan olan həmcinsləri ilə üz-üzə gələcəklər.
9 turdan sonra kişilərdən ibarət kollektiv 13 xalla 12-ci, qadınlardan ibarət milli isə 13 xalla 14-cü pillədə qərarlaşıb.
Kişilərdən ibarət milli Mərakeşi (4:0), Filippini (3:1), İsveçrəni (3:1), Argentinanı (2.5:1.5) və Yunanıstanı (3.5:0.5) məğlub edib, Çexiya (2:2), Rumıniya (2:2) və Hindistanla (2:2) xal bölgüsünə razılaşıb, Ermənistana (1.5:2.5) məğlub olub. Zərif cinsdən olan zəka ustalarımız isə Qvatemala (4:0), Danimarka (4:0), İsveç (2.5:1.5), İngiltərə (2.5:1.5), Serbiya (3:1) və Çexiyanı (4:0) üstələyib, Argentina ilə (2:2) heç-heçə edib və Qazaxıstanla (1.5:2.5) Ermənistana (1.5:2.5) uduzub.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.