Rusiyanın Soçi şəhərində şahmat üzrə Dünya Kuboku davam edir.
Fanat.Az xəbər verir ki, bu gün beşinci mərhələnin cavab görüşləri baş tutub.
Turnirdə mübarizəni davam etdirən yeganə təmsilçimiz Vasif Durarbəyli də 1/8 final çərçivəsində ikinci qarşılaşmasını keçirib.
29 yaşlı qrossmeysterimiz hindistanlı Santoş Vidit Qudjarati ilə münasibətlərinə aydınlıq gətirib.
Bu mərhələyə qədər Dmitri Skliyarov (Finlandiya), Aleksandr Predke (Rusiya), David Navara (Çexiya) və Nodirbek Abdusattorovu (Özbəkistan) yolundan uzaqlaşdıran Durarbəyli, ağ fiqurlarla oynadığı görüşün 38-ci gedişində məğlubiyyətlə barışıb.
Beləliklə, iki qarşılaşmanın nəticəsində 1,5:0,5 hesabı ilə qalib gələn Qudjarati, adını 8 ən yaxşı iştirakçı arasına yazdırıb.
Azərbaycan şahmatçıları üçün isə Dünya Kuboku başa çatıb.
1/8 final, cavab görüşü
Vasif Durarbəyli - Santoş Vidit Qudjarati (Hindistan) 0:1 (ilk görüş: 0,5:0,5)
Qeyd edək ki, mükafat fondu 1 milyon 892 500 ABŞ dolları olan Dünya Kubokuna 7 şahmatçımız (3 kişi, 4 qadın) qatılıb. Kişi şahmatçılarımızdan Nicat Abbasov və Şəhriyar Məmmədyarov 1/32-də məğlubiyyətlə üzləşiblər. Qadınların turnirindəki təmsilçilərimizdən Türkan Məmmədyarova ilə Ülviyyə Fətəliyeva ilk, Günay Məmmədzadə və Gülnar Məmmədova üçüncü mərhələdə (1/16 final) uduzaraq mübarizəni dayandırıblar.
Sahib Əsədbəyli