İslandiyanın paytaxtı Reykyavikdə şahmat üzrə fərdi Avropa çempionatı sona yaxınlaşır.
Fanat.Az xəbər verir ki, bu gün yarışda doqquzuncu turun qarşılaşmaları keçiriləcək.
Səkkiz turdan 6,5 xal toplayan və yalnız əlavə göstəricilərə görə rusiyalı Anton Demçenkodan geri qalaraq ikinci sırada qərarlaşan Rauf Məmmədov eyni xala sahib üçüncü şahmatçı Vinsent Keymer (Almaniya) ilə üz-üzə gələcək.
Nicat Məmmədov Aleksey Sarana (Rusiya), Nicat Abbasov Mark Andriya Maurissi (Fransa), Aydın Süleymanlı Liam Vroliyk (Niderland), Riad Səmədov Hans Stefansson (İslandiya) ilə münasibətlərinə aydınlıq gətirəcək.
Görüşlər Bakı vaxtı ilə 19:00-da başlayacaq.
Hesabında 6 xal olan Nicat Məmmədov hazırda doqquzuncu pillədədir. Nicat Abbasov, Aydın Süleymanlı və Riad Səmədov isə aktivinə 4,5 xal yaza bilib.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 11 turdan ibarət Avropa çempionatına sentyabrın 5-də yekun vurulacaq. Mükafat fondu 100 min avrodur. Qalib 20 min qazanacaq.
Sahib Əsədbəyli