İslandiyanın paytaxtı Reykyavikdə şahmat üzrə fərdi Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışda 10-cu turun qarşılaşmaları keçirilib. Azərbaycan təmsilçilərindən yalnız Aydın Süleymanlı oyununu qələbə ilə başa vurub. 16 yaşlı şahmatçımız ingiltərəli Lorin Da Kostanı yenib.
Doqquz turdan sonra turnir cədvəlində liderlər qrupunda olan Rauf Məmmədov rumıniyalı Daniel-Boqdan Dyak ilə üz-üzə gəlib. Qrossmeysterimiz 40-cı gedişdə rəqibinə məğlub olub.
Nicat Məmmədov Mustafa Yılmaz (Türkiyə), Nicat Abbasov Qudmundur Kyartanson (İslandiya), Riad Səmədov Lubomir Ftaçnik (Slovakiya) ilə "sülh bağlayıb".
Beləliklə, Rauf Məmmədov beş pillə geriləyərək 7 xalla yeddinci sırada qərarlaşıb.
Raufla eyni sayda xal toplayan Nicat Məmmədov əlavə göstəricilərə görə 14-cüdür.
Aydın Süleymanlı aktivinə 6, Nicat Abbasov və Riad Səmədov 5,5 xal yaza bilib.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 11 turdan ibarət Avropa çempionatına bu gün yekun vurulacaq. Mükafat fondu 100 min avrodur. Qalib 20 min qazanacaq.