İkinci onlayn Şahmat Olimpiadasının top divizionunda mübarizə davam edir.
Fanat.Az xəbər verir ki, bu gün qrup mərhələsinin daha üç turu oynanılacaq.
B qrupunda yer alan Azərbaycan komandası ilk olaraq Belarus, ardınca Hindistan, günün son oyununda isə Moldova ilə üz-üz gələcək.
Millimiz üç turdan sonra 3 xalla qrupda 5-ci pillədə qərarlaşıb. Macarıstan maksimum nəticə - 6 xalla birinci, Hindistan 5 xalla ikincidir. Fransa və Moldova komandaları 4 xal toplayıblar. Sloveniya, İsveç və Belarus aktivinə 2, Şenjen və Misir 1 xal yaza bilib.
Sabah - sentyabrın 10-da başa çatacaq qrup mərhələsində ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaq.
Xatırladaq ki, millimizin əsas heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva yer alıb.
Ehtiyat heyət isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Məhəmməd Muradlı və Gövhər Beydullayevadan ibarətdir.
Qeyd edək ki, Olimpiadaya sentyabrın 15-də yekun vurulacaq.
Sahib Əsədbəyli