ABŞ-ın Sent Luis şəhərində "Fişer şahmatı" (şahmat-960) üzrə "Champions Showdown" turniri davam edir.
Fanat.Az xəbər verir ki, dairəvi sistem üzrə keçirilən yarışda daha üç turun görüşləri oynanılıb. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ilk olaraq Uesli So, ardınca Leynyer Dominges, altıncı turda isə Sem Şenklend (hamısı ABŞ) ilə üz-üzə gəlib.
So və Domingesə uduzan 36 yaşlı qrossmeysterimiz günün son oyununda "sülh bağlayıb".
Beləliklə, Məmmədyarov beş pillə geriləyərək turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. Şahmatçımızın aktivində 2,5 xal var. Sıralamaya 4,5 xalla Leynyer Dominges başçılıq edir.
Şəhriyar yarışın son günündə Levon Aronyan (Ermənistan), Fabiano Karuana (ABŞ) və Pyotr Svidler (Rusiya) ilə qarşılaşacaq.
Görüşlər Bakı vaxtı ilə 00:00-da başlayacaq.
Qeyd edək ki, turnirin mükafat fondu 150 min dollardır.
Sahib Əsədbəyli