Azərbaycanın şahmat üzrə qadınlardan ibarət yığmasının qarşıdakı komandalarası dünya çempionatı üçün heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, 12 kollektiv arasında sentyabrın 26-dan oktyabrın 3-dək İspaniyada baş tutacaq yarışa millimiz Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova və Ülviyyə Fətəliyevadan ibarət "beşlik"lə qatılacaq.
Tarixdə səkkizinci dəfə təşkil olunacaq komandalarası DÇ-nin digər iştirakçıları Rusiya, Ukrayna, Gürcüstan, Ermənistan, Fransa, Hindistan, FİDE Amerika, Almaniya, Polşa və ev sahibi ölkənin yığmasıdır.
Komandalar iki qrupa bölünəcək. Hər qrupda ilk dörd yerin sahibi pley-offa yüksələcək.
Qeyd edək ki, millimiz bunadək yalnız bir dəfə analoji yarışda iştirak edib. Xanımlarımız 2017-ci ildə Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilən mundialı 10 kollektiv arasında 9-cu sırada tamamlayıb.
Sahib Əsədbəyli