Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində VIII turun qarşılaşmaları keçirilib.
Fanat.Az xəbər verir ki, tur çərçivəsində Azərbaycan təmsilçiləri Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov üz-üzə gəlib. Matçın ilk üç partiyası heç-heçə yekunlaşıb. Son rapid qarşılaşmasında üstün olan Rəcəbov final mərhələsində ardıcıl və ümumilikdə beşinci qələbəsini qazanıb. Məmmədyarov isə altıncı dəfə məğlubiyyətlə üzləşib.
Beləliklə, xalını 24-ə çatdıran Teymur bir pillə irəliləyərək 2-ci sıraya yüksəlib. Şəhriyar 9,5 xalla son - 10-cu yerdə qərarlaşıb. Turnir cədvəlinə 28,5 xalla M.Karlsen başçılıq edir.
Bildirək ki, hər tur ən azı 3, maksimum 4 rapid partiyası oynanılır. Bərabərlik olduğu təqdirdə, blits və armageddona ehtiyac duyulur. İştirakçılar mübarizəyə əvvəlki mərhələlərdə göstərilən nəticələrə əsasən bonus xallarla başlayıb.
Dairəvi sistem üzrə keçirilən turnirə sabah - oktyabrın 4-də yekun vurulacaq.
Çempionlar Turu
Final mərhələsi
VIII tur
Teymur Rəcəbov (AZƏRBAYCAN) - Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) 2,5:1,5 (0,5:0,5, 0,5:0,5, 0,5:0,5, 1:0)
Uesli So - Yan-Kşiştof Duda (Polşa) 3,5:2,5
Levon Aronyan (Ermənistan) - Maqnus Karlsen (Norveç) 3:1
Aniş Giri (Niderland) - Maksim Vaşye-Laqrav (Fransa) 2,5:1,5
Hikaru Nakamura (ABŞ) - Vladislav Artemyev (Rusiya) 3,5:2,5
Xal durumu: Maqnus Karlsen - 28,5, Teymur Rəcəbov - 24, Uesli So - 23,5, Levon Aronyan - 21, Hikaru Nakamura - 18, Vladislav Artemyev - 14,5, Aniş Giri - 14,5, Maksim Vaşye-Laqrav - 13,5, Yan-Kşiştof Duda - 12, Şəhriyar Məmmədyarov - 9,5.
Sahib Əsədbəyli