Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində norveçli hazırkı dünya çempionu Maqnus Karlsen və İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşi arasında şahmat tacı uğrunda səkkizinci görüş keçirilib.
Fanat.Az xəbər verir ki, Karlsen ağ fiqurlarla oynadığı partiyanın 46-cı gedişində rəqibini təslim edib. Beləliklə, 31 yaşlı qrossmeyster ümumi hesabdakı üstünlüyünü 2 xala çatdırıb - 5:3.
Növbəti görüş dekabrın 7-də baş tutacaq. Bu dəfə Karlsen qara, Nepomnyaşi ağ fiqurlarla oynayacaq.
Tərəflər dekabrın 14-dək ümumilikdə 14 dəfə üz-üzə gələcəklər. Bu oyunların yekununda heç-heçə qeydə alınacağı təqdirdə, sürətli şahmat üzrə 4 partiya keçiriləcək. Yenə qalib müəyyənləşməsə, əvvəlcə 2, ehtiyac yaranarsa, daha 5 blits partiya olacaq. "Sülh" davam etsə, "Armageddon"a müraciət olunacaq.
Qalib 1,2 milyon avro, məğlub tərəf 800 min avro qazanacaq.
Qeyd edək ki, Maqnus Karlsen 2013-cü ildə hindistanlı Vişvanatan Ananda qalib gələrək karyerasında ilk dəfə dünya çempionluğuna yiyələnib. O, daha sonra 4 dəfə titulunu qoruyub.