Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində növbəti görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın dördüncü turunda ağ fiqurlarla Daniel-Boqdan Dyakla (Rumıniya) üz-üzə gəlib. Matç 40-cı gedişdə heç-heçə yekunlaşıb.
Məmmədyarov ilk turda Uesli Soya (ABŞ) uduzub, ikinci və üçüncü qarşılaşmasında isə müvafiq olaraq, Rixard Rapport (Macarıstan) və Maksim Vaşye-Laqravla (Fransa) heç-heçə edib.
Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov ötən il keçirilən analoji turnirin qalibi olub.