Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirinin altıncı turunda Fransa təmsilçisi Alireza Firuzca ilə qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, dairəvi sistemlə təşkil olunan yarışda bu gün istirahət günüdür. 37 yaşlı qrossmeysterimiz dünya reytinqində 3-cü sırada olan 18 yaşlı şahmatçı ilə sabah üz-üzə gələcək.
Məmmədyarov ilk və beşinci turlarda müvafiq olaraq Uesli Soya (ABŞ) və Fabiano Karuanaya (ABŞ) uduzub, ikinci, üçüncü və dördüncü qarşılaşmasında isə Rixard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa) və Daniel-Boqdan Dyakla (Rumıniya) heç-heçə edib. Təmsilçimiz 1,5 xalla 10 şahmatçı arasında sonuncudur. Turnir cədvəlinə 3,5 xala sahib Uesli So başçılıq edir.
Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.
Qeyd edək ki, ötən il baş tutmuş "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.