Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində növbəti görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın VII turunda FIDE bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşıb. Qara fiqurlarla oynayan Məmmədyarov 56-cı gedişdə İddiaçılar Turnirinin sonuncu qalibi olan rəqibinə qalib gəlib. Bu, Azərbaycan təmsilçisinin turnirdə ilk qələbəsi olub.
Qələbə sayəsində xalını 3-ə çatdıran Şəhriyar turnir cədvəlinin "zirzəmi"sindən xilas olub. Təcrübəli şahmatçı hazırda 9-cu sırada qərarlaşıb.
Məmmədyarov I turda Uesli Soya (ABŞ), V turda Fabiano Karuanaya (ABŞ) uduzub. O, II, III, IV və VI turlarda müvafiq olaraq Rixard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa), Daniel-Boqdan Dyak (Rumıniya) və Alireza Firuzca (Fransa) ilə heç-heçə edib.
Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.
Qeyd edək ki, ötən il baş tutmuş "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.