Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub.
Fanat.Az xəbər verir ki, yarışın lideri Gövhər Beydullayeva hesabat turunda Xəyallə Abdullanı məğlub etməklə xalını 5-ə çatdırıb və karyerasında ilk dəfə Azərbaycan çempionu adını qazanıb.
Turnirin sürpriz iştirakçısı Ləman Hacıyeva bu dəfə ağ fiqurlarla Türkan Məmmədyarovanı üstələyib. Nəticədə Hacıyeva 4,5 xalla ölkə çempionatında gümüş medala sahib çıxıb.
Ülviyyə Fətəliyeva qara fiqurlarla Xanım Balacayevanı məğlub edərək yekun sıralamada 4 xalla 3-cü pilləni tutub.
Son turda Ayan Allahverdiyevanı üstələyən ötən ilin çempionu Gülnar Məmmədova isə bu dəfə 4-cü yerlə kifayətlənib.
Qeyd edək ki, dairəvi sistem üzrə yeddi turdan ibarət çempionatın mükafat fondu 11 400 manat təşkil edib. Qalib 4 000 manat pul mükafatı əldə edib.