
Çexiyanın paytaxtı Praqada təşkil olunan şahmat üzrə qadınlar arasında Avropa çempionatında bu gün 10-cu turun görüşləri keçiriləcək.
Fanat.Az xəbər verir ki, 7 xalla turnir cədvəlinin ikinci pilləsində yer alan Günay Məmmədzadə bu turda ermənistanlı Elina Danielyanla üz-üzə gələcək. 22 yaşlı şahmatçımız təcrübəli rəqibinə qarşı qara fiqurlarla oynayacaq.
Gülnar Məmmədova "ağlar"la 7,5 xalla vahid lider olan Monika Soçkonun (Polşa), Ülviyyə Fətəliyeva "qaralar"la İnna Qaponenkonun (Ukrayna) müqavimətini qırmağa çalışacaq. Xanım Balacayeva İrina Bulmaqa (Rumıniya) ilə, Gövhər Beydullayeva Sofi Milie (Fransa) ilə, Ləman Hacıyeva Joka Qaal (Macarıstan) ilə, Səbinə İbrahimova isə Martina Folkova (Çexiya) ilə münasibətlərinə aydınlıq gətirəcək.
Turun bütün görüşləri Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Hazırda hərəyə 6,5 xalı olan Gülnar Məmmədova ilə Ülviyyə Fətəliyeva yarış cədvəlində, müvafiq olaraq, 4 və 5-ci yerlərdə qərarlaşıblar. Gövhər Beydullayeva ilə Xanım Balacayeva 6, Ləman Hacıyeva 5, Səbinə İbrahimova 4 xal hasil edə bilib.
Qeyd edək ki, qitə çempionatında 123 şahmatçı qüvvəsini sınayır. İsveçrə sistemi üzrə keçirilən yarış 11 turdan ibarət olacaq