14:53 21.04.2023 383

Heydər Əliyevin idmançılarla tarixi görüşləri

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Azərbaycanda idman hər zaman cəmiyyətin inkişafının əhəmiyyətli faktorlarından biri olub. Ümummilli Lider Heydər Əliyev idmanın inkişafına xüsusi diqqət və qayğı göstərir, onun əhəmiyyətini yüksək qiymətləndirirdi. Ulu Öndərimizin Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə  hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. Ulu Öndər Heydər Əliyevin  ölkəmizə rəhbərlik etdiyi dövrlərdə  hər zaman idmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. Bu sahənin üzləşdiyi problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi, onlara gələcək qələbələr üçün stimul verilməsi və yeni idman komplekslərinin yaradılması istiqamətində gələcək prioritetlər müəyyənləşdirildi. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar, üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı.

Heydər Əliyev Olimpiya Hərəkatının və Olimpiya Oyunlarının bütün dünyadakı nüfuzunun nə dərəcədə yüksək olduğunu, bu sahədə respublikada əməli işlərin görülməsinin zəruriliyini daim əsas götürmüşdür. O, bu barədə deyirdi:

"Olimpiya Oyunları dünyanın bütün ölkələrini maraqlandırır, burada cəmləşdirir. Hər bir ölkə çalışır ki, Olimpiya Oyunlarında təmsil olunsun.”

Heydər Əliyev hər hansı bir idman nəticəsinin dəyərini obyektiv qiymətləndirməyi daim təlqin etmiş, idmançının Olimpiya Oyunlarında iştirak etməsi faktının özünün böyük nailiyyət olduğunu vurğulamışdır. 1996-cı ildə Atlanta Oyunlarına yola düşən idman nümayəndə heyəti ilə görüşündə demişdir:

“Bu, sadəcə bir nümayəndə heyəti deyil ki, neçə nəfər istəyirsən təyin et, müəyyən et, göndər. Dünyada yeganə haldır ki, bu toplantıya, dünya səviyyəli görüşə gedən nümayəndə heyəti nə dövlət, nə də xalq tərəfindən təyin oluna bilməz. Olimpiya Oyunlarında iştirak etmək hüququ almaq üçün lazimi göstəricilər əldə etmək gərəkdir. Əgər bunlar olmazsa, Azərbaycan dövləti, Azərbaycan prezidenti də nə qədər çalışsa, o nailiyyəti əldə etməyən adam yığma komandanın tərkibinə düşə bilməz. Ona görə də 23 nəfərdən ibarət olan bu nümayəndə heyəti Azərbaycan Respublikasının idman sahəsindəki imkanını nümayiş etdirir. ...Sizin, yəni Azərbaycan Respublikası komandasının XXVI Olimpiya Oyunlarında iştirak etməsi özü əlamətdar bir hadisədir, Siz oradan hansı nailiyyətlə qayıdacaqsınızsa, bu, məsələnin ikinci tərəfidir.”

Bu ikinci tərəf də həmişə Respublika prezidentinin diqqət mərkəzində olmuşdur. O, idmançılara Azərbaycan idmanını layiqincə təmsil etməyi, ölkənin şan-şöhrətini yüksəklərə qaldırmağı daim tövsiyə etmiş, qəlbən reallığı qiymətləndirmiş, bu sahəyə cavabdeh olan şəxsləri yüksək nəticələrə aparan yolların axtarışına sövq etdirmişdir. Prezident Atlantadan bir gümüş medalla qayıtmış olimpiyaçılarımızla 1996-cı ilin avqustunda keçirtdiyi görüşdə demişdir:

“Sizi Atlantaya, Olimpiya Oyunlarına çox böyük ümidlərlə, arzularla yola saldıq və şübhəsiz ki, daha yüksək nailiyyətlər gözləyirdik. Bir də qeyd edirəm, biz çox şey gözləyirdik. Amma hər bir hadisəyə reallıqdan baxmaq, hər bir hadisəni reallıq əsasında qiymətləndirmək lazımdır. Hesab edirəm ki, reallığa görə sizin nailiyyətiniz görkəmli nailiyyətdir".

1996-cı ilin idman sahəsindəki reallığı belə idi. Təbii ki, ölkə başçısı Atlantada qazanılmış nəticəni belə qiymətləndirməklə gözlənilən daha çox şeyin gələcəkdə əldə olunması üçün konkret işlərin görülməsinin vacibliyini də diqqət mərkəzinə çəkirdi və bu tələbi idmançıların deyil, idmanın inkişafı üçün cavabeh şəxslərin qarşısında qoyurdu. Bununla yanaşı, əsas yükü, əsas ağırlığı yenə də öz üzərinə götürürək deyirdi: 

“Azərbaycan Prezidenti kimi şəxsən mən söz vermişəm və indi də bunu təsdiq edirəm ki, idmana xüsusi qayğını öz üzərimə götürürəm. Azərbaycan gənclərinə xüsusi qayğını öz üzərimə götürmüşəm və əmin ola bilərsiniz ki, bu qayğını daim hiss 
edəcəksiniz.”

Atlanta Oyunlarında iştirak etmiş milli olimpiya komandasının üzvləri ilə görüşdə Respublika prezidenti növbəti Olimpiya Oyunlarına hazırlığa indidən başlamağın vacibliyini vurğulamış, bu hazırlığın xüsusi sənəd əsasında aparılması haqqında göstəriş verərək demişdir: 

“O sənəddə dörd il müddətində sizin hansı işlər görəcəyiniz müəyyən edilməlidir. Mən bu barədə sizdən təklif gözləyirəm və əmin ola bilərsiniz ki, lazımi sərəncamlar veriləcək, qərarlar qəbul olunacaq və bunun üçün də lazımi vəsait ayrılacaqdır.”

1997-ci ildə Azərbaycanda “Bədən tərbiyəsi və idman haqqında” qanun qüvvəyə mindi. Bu qanun idmanın inkişaf etməsinin hüquqi əsaslarını müəyyənləşdirdi, dövlətin idman siyasətinin göstəricilərindən birinə çevrildi.

Ölkə başçısı respublikada idmanın inkişafını yalnız dörd ildən bir keçirilən Olimpiya Oyunlarında iştirak etməkdə və orada hansısa nailiyyətlər əldə etməkdə görməməyi, ölkədə idmanın geniş yayılmasının təmin olunmasını, kütləvi idmanı inkişaf etdirməyi tövsiyə edirdi. Heydər Əliyev idman obyektlərinin bütünlüklə gənclərin istifadəsinə verilməsini tələb edir, idman qurğularının bərpasına, yeni obyektlərin salınmasına, idmanın bütün növlərini, o cümlədən qeyri-olimpiya növlərini də inkişaf etdirməyə çağırırdı.

Beləliklə, yeni minilliyin astanasında Azərbaycanda idmana dövlət səviyyəsində diqqət və qayğı günbəgün artırdı. Beynəlxalq Olimpiya Komitəsi bəşər tarixinin yeni əsrinin, yeni minilliyinin başlanması münasibətilə, öz ölkələrində Olimpiya Hərəkatının inkişafına, olimpiya ideallarının yayılmasına rəvac verən, onu dəstəkləyən dövlət başçılarını təbrik etmək üçün xüsusi orijinal hədiyyə hazırlamışdı. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samarançın Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə ünvanladığı məktubda göstərilirdi ki, Beynəlxalq Olimpiya Komitəsi 2000-ci il münasibətilə Azərbaycan dövlətinin başçısına məşhur heykəltəraş Naq Arnoldinin “2000-ci ilin olimpiya qapıları“ adlı əsərini hədiyyə edir. Həmin əsər Azərbaycan prezidentinə onun idmançılarla növbəti görüşündə təqdim edildi.

2000-ci ilin olimpiya qapıları Azərbaycanın üzünə açıldı. Bu ildə Azərbaycan idmançıları respublikanın bayrağı altında ikinci dəfə Yay Olimpiya Oyunlarında iştirak etdilər. Milli Olimpiya Komitəsinin apardığı gərgin iş, dövlət başçısı tərəfindən idmana verilən dəstək bu dəfə Azərbaycan olimpiyaçılarının tərkibcə daha çox olmasına imkan yaratdı.

2000-ci il avqustun 25-də Zuğulbadakı “Gənclik” kompleksində XXVII Yay Olimpiya Oyunlarına gedən idmançılarla prezidentin görüşü oldu. Həmin görüşdə ölkə başçısı dörd il əvvəl olduğu kimi, bu dəfə də olimpiyaçılara xeyir-dusını, tövsiyələrini 
verdi, onlara uğurlar arzuladı. Olimpiyaçılar ölkə başçısına verdikləri vədə Sidneydə əməl edə bildilər. İki qızıl, bir bürünc medal qazanmış idmançılarımız 199 ölkə arasında 34-cü yeri tutdular.

Oktyabrın 18-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev Sidney şəhərində keçirilmiş XXVII yay olimpiya oyunlarında iştirak etmiş qalib idmançılarla, onları bu qələbəyə hazırlayanlarla ölkənin müstəqilliyini əməlləri ilə təsdiq edənlərlə görüşdü, onları möhtəşəm bayram münasibətilə səmimi qəlbdən təbrik etdi, xalqımıza, millətimizə sülh, əmin-amanlıq, rifah, tərəqqi və daimi müstəqillik arzulayaraq dedi: 

“Bu gün eyni zamanda bizim idmanımızın bayramıdır. Xalqımızın idman qələbələri ilə əlaqədar olan bayramıdır“. 

Ölkə başçısı bu dəfə iftixar və qürur hissini belə ifadə etdi:

"Mən bu gün bütün xalqımızın iftixar hissini ifadə edərək deyirəm ki, Azərbaycan idmançıları, Azərbaycanı təmsil edən bizim nümayəndə heyəti verdikləri sözə sadiq olmuşlar, çalışmışlar, yarışmışlar, vuruşmuşlar və böyük qələbələr əldə etmişlər. ... 200-ə qədər ölkənin nümayəndələrinin, idmançılarının - demək, bütün dünyanın, bütün yer kürəsinin idmançılarının toplaşıb yarış keçirdiyi bir prosesdə gənc müstəqil Azərbaycanın, o qədər də böyük olmayan bir ölkənin idmançıları iki qızıl medal, bir bürünc medal aldılar və bir neçə idmançımız da çox yaxşı yerlər tutdu. Onlar Azərbaycanın şan-şöhrətini qaldırdılar. Onlar buradadırlar. Biz onlarla görüşə gəlmişik.

“Siz bizə sevinc gətirmisiniz. Siz bizim xalqımızda böyük ruh yüksəkliyi yaratmısınız. Siz Azərbaycan xalqının, Azərbaycan övladının nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirmisiniz. Sizə bir daha təşəkkür edirəm. Sizi bir daha təbrik edirəm. Amma eyni zamanda siz avqustun 25-də verdiyiniz sözlərin yerinə yetirilməsi haqqında yəqin ki, raport vermək istəyirsiniz. Doğrudur, siz raportunuzu uzaq Sidneydə verdiniz və oradan gələn sədalar artıq sizin verdiyiniz sözlərə sadiq olduğunuzu göstərdi. Eyni zamanda bu gün sizinlə görüşə gəlmişik. Sizi görmək istəyirik və sizin sözlərinizi eşitmək istəyirik.”

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tribunaya qalxaraq Sidney dövründə görülmüş işlər və əldə olunmuş nəticələr haqqında çıxış etdi. Sonra olimpiya medalçıları - Zemfira Meftahəddinova, Namiq Abdullayev, Vüqar Ələkbərov, yığma komandanın məşqçiləri Hafiz Cəfərov, Yaqub Məmmədov çıxış etdilər. Onlar dövlət baş çısına idmana göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildirdilər, öz növlərində qazandıqları nailiyyətdə Milli Olimpiya Komitəsində görülən işlərin rolunun çox olmasından danışdılar. İdman sahələrindəki fəaliyyətlərini bundan sonra dahaəzmlə davam etdirəcəklərinə söz verdilər. Azərbaycan prezidenti Heydər Əliyev olimpiyaçıların əldə etdikləri nailiyyətləri, onların əməyini yüksək qiymətləndirərək dedi: “Sizin hər biriniz böyük zəhmət çəkmisiniz, yarışda iştirak etmisiniz. Siz dövlətin idmançılara qayğısı haqqında burada danışdınız, bizə öz təşəkkürlərinizi bildirdiniz. Ancaq bu, bizim borcumuzdur. Bu, dövlətin borcudur. Dövlətin, hökumətin hər bir sahədə çox böyük vəzifələri vardır. Əgər biz hansı sahədəsə nəyəsə nail ola biliriksə, demək, biz öz borcumuzu yerinə yetirə bilirik. Mən bu gün böyük qürur hissi ilə deyirəm ki, biz idmana, bədən tərbiyəsinə qayğı göstərərək millət, xalq, vətən qarşısında öz borcumuzu yerinə yetiririk“. 

Ölkə başçısı Milli Olimpiya Komitəsinin ölkədə Olimpiya Hərəkatının inkişafı üçün gördüyü işlərə münasibətini bildirdi, kütləvi işin təşkilatçıqdan asılı olduğunu vurğuladı. Belə böyük qələbələrin qazanılması üçün hər bir idmançıda öz dövlətinə, xalqına xidmət etmək hissinin güclü olmasını qeyd etdi. Ölkə başçısı müstəqillik illərində ölkədə baş vermiş və baş verməkdə olan daxili siyasi, iqtisadi prosesləri qısaca şərh etdi. Prezident idmançılara qazanılmış nailiyyətlərdən arxayınlaşmamağı tövsiyə etdi, Milli Olimpiya Komitəsini başladığı böyük işləri əvvəlki kimi uğurla və əvvəlki kimi yüksək templə davam etdirməyə çağıraraq dedi:

“Milli Olimpiya Komitəsinin böyük planları vardır. İlham Əliyev burada dedi ki, Milli Olimpiya Komitəsi üçün böyük bir kompleks tikilibdir. Biz bir neçə gündən sonra onun açılışında iştirak edəcəyik. Güclü maddi-texniki bazanın yaranması əsas şərtlərdən biridir. Milli Olimpiya Komitəsinin böyük xidmətlərindən biridir ki, komitə bu işlə ciddi məşğul olur və dövlətdən heç bir vəsait almadan, öz imkanları ilə idman üçün, olimpiyaçılar üçün yeni-yeni böyük müəssisələr yaradır. Biz bunu alqışlayırıq, dəstəkləyirik. Biz lazım olan köməyi bundan sonra da edəcəyik. Yenə də deyirəm, ümidvaram ki, siz bu nailiyyətlə qane olmayacaqsınız, çalışacaqsınız, gələn olimpiya oyunlarına qədər olan müddətdə müxtəlif dünya yarışlarında iştirak edəcəksiniz və böyük nailiyyətlərinizlə bizi daha da sevindirəcəksiniz.”

Bu sözlər ölkə başçısının idmana qayğısının ifadəsi kimi idmançıları yeni-yeni qələbələrə ruhlandırdı. Görüşdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samarançın Azərbaycan prezidentinə ünvanladığı teleqramın mətni oxundu. Teleqramda deyilirdi:

“Azərbaycan Respublikasının prezidenti zati-aliləri cənab Heydər Əliyevə

Cənab prezident və mənim dostum!
Yeni minilliyin ilk oyunları, olimpiya tarixində ən yaxşı oyunlar hesab olunan XXVII yay olimpiya oyunları Sidneydə bağlı elan edildi. Dünya idmanıçılarının, o cümlədən Azərbaycan idmançılarının əla çıxışları oyunların uğurla başa çatmasına səbəb oldu. Buna görə Sizə səmimi təbriklərimi və Milli Olimpiya Komitəsinə göstərdiyiniz dəstəyə görə öz minnətdarlığımı bildirirəm.

Cənab prezident, xahiş edirəm, Sizə olan dərin ehtiramımı qəbul edəsiniz.

Xuan Antonio SAMARANÇ,
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti
Lozanna, 6 oktyabr 2000-ci il”

Sidney Oyunlarının iştirakçıları ilə görüşdə Respublika Prezidenti çıxışının sonunda dedi: “Bu gün Azərbaycanın müstəqilliyinin, yəni müstəqillik haqqında qəbul olunmuş Konstitusiya Aktının 9-cu ildönümüdür. Xalqımız bunu bayram edir. Biz bayram əhval-ruhiyyəsindəyik. Siz bizim bayramımızı daha da yüksəklərə qaldırdınız, bəzədiniz, gözəlləşdirdiniz. Ona görədə sizə bir daha təşəkkür edirəm. Mən Olimpiya Oyunlarında əldə etdiyiniz qələbə münasibətilə sizi təbrik edirəm. Mən bütün Azərbaycan xalqını təbrik edirəm. Bir daha deyirəm, sizin bu nailiyyətiniz Azərbaycanın dövlət müstəqilliyinin bəhrəsidir və 1993-cü ildən başlayaraq Azərbaycan iqtidarının apardığı doğru, düzgün daxili və xarici siyasətinin nəticəsidir".

Sahib Əsədbəyli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 May 2024
00:24

ÇL: "Real" - "Bayern" matçında qol var-  YENİLƏNİR

08 May 2024
23:50

Medina "Qarabağ"la müqavilə yeniləyib? - AÇIQLAMA

22:40

KL: "Fiorentina" finalda!

21:21

Virts "Real"a nə vaxt keçəcək?

21:00

Samir Nəsri əfsanəvi almanın bu planının üstünü açdı

19:35

Serb futbolçu "Yuventus"u tərk edəcək, İtaliyanı yox

18:44

İngiltərə nəhənginin yeni baş məşqçisi bilindi - Rəsmi qərar bu tarixdə açıqlanacaq

17:55

“Borussiya”nın kapitanı olduğum üçün çox fəxr edirəm" - Emre Can

17:37

"Çelsi" forvardını satışa çıxardı

17:16

"Biz yalnız Kroosa yox, mütəşəkkil komandaya qarşı oynayacağıq" - Tomas Tuxel

16:54

"Almaniyaya tez gəlsəydim, Musalanı İngiltərə millisində oynamağa razı salardım" - Harri Keyn

16:23

PFL ilə "YAŞAT" Fondu arasında memorandum imzalandı

16:14

İstanbul nəhəngi "Çelsi" ilə anlaşdı - SON DURUM

15:55

Azarkeşlər Palmeri seçdilər

15:36

Rüfət Quliyevi əvəzləyəcək şəxs bilindi  

15:17

"Barselona"da fikir ayrılığı: Laporta və Deku Xavi ilə razılaşmadılar

14:58

"Qorxmuruq, kimə qarşı oynadığımızın fərqindəyik" - Manuel Noyer

14:40

Bölgə klubunda radikal dəyişiklik - Əsgər Abdullayev də gedir

14:21

DİN və DTX əməkdaşları AFFA-da

14:05

"Qapıya 31 zərbə endirsək də..." - Enrikedən emosional məğlubiyyət şərhi

13:48

Futzal turnirinin qalibi bilindi

13:31

"Nə deyəcəyimi bilmirəm" - Vitinya

13:14

Almaniya futbolu tarixində Hummels kimisi olmamışdı

12:57

PSJ-dən maraqlı antirekord

12:44

"Kəpəz"in 2 legionerinə ağır cəza verildi, klub 8500 manat cərimələndi

12:32

AFFA "Turan Tovuz"un legionerini 4 oyunluq kənarlaşdırdı

12:20

"Qarabağ" ilə "Neftçi" barədə ölçü götürüldü: 5800 manatlıq cərimə 

12:02

Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıya yollandı

11:45

"Jirona" ÇL-ə buraxılmır - SƏBƏB 

11:26

"Şadam ki, indi azarkeşlərimizə olan borcumuzu qaytara bilərik" - Edin Terziç

11:08

"Üzgün və kədərliyik" - Kilian Mbappe

10:33

Yoahim Löv: "Final fitindən sonra tualetə qaçdım"

10:12

"Borussiya" Parisi də fəth etdi - VİDEO

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

ÇL-in tarixində ikinci dəfə - Yenə "Borussiya"

01:20

“Beşiktaş” finala yüksəldi

00:53

Çempionlar Liqası: "Borussiya" Parisi susdurub finala yüksəldi 

07 May 2024
21:27

Ten Haq MY-dəki gələcəyinin necə olacağı ilə bağlı sualı belə cavablandırdı

20:20

"Laporta məndən onunla bağlı məlumatları aldı" - "Xetafe"nin prezidenti "Barselona"nın planının üstünü açdı

19:30

"Mançester Siti" ilə "Arsenal" türkiyəli ulduza görə yarışa girdilər - Qiyməti "əl yandırır" 

Facebookdan bizi izləməyi unutmayın.
X