Azərbaycan Kubokunun yarımfinal mərhələsinin çərçivəsində "Neftçi" evdə "Qarabağ"la qarşılaşdı. Görüş paytaxt təmsilçisinin 0:4 hesablı məğlubiyyəti ilə yekunlaşdı.
Matçdan sonra "ağ-qaralar"ın gənc qolkiperi Rza Cəfərov Fanat.Az-ın suallarını cavablandırdı:
- Matç haqda təəssüratların necədir?
- Açığı, belə hesab gözləmirdim. Yaxşı oyun göstərib, qələbə qazanmaq və yaxud bərabərliklə şansları ikinci oyuna daşımaq istərdik. Təssüf ki, belə alındı.
- Hesabın belə olması "Qarabağ"ın güclü təzyiqi ilə əlaqədar idi, ya "Neftçi"nin müdafiədəki boşluqları var idi?
- Ola bilər hardasa müəyyən boşluqlar oldu. Onlar da bundan istifadə edib qollar vurdular.
- Belə hesabdan sonra növbəti mərhələyə keçmək şanslarını necə dəyərləndirirsən?
- Bu, futboldur. Açığı deyim, yenə çıxıb vuruşacağıq.
- "Forza Neftçi" azarkeş qrupunun bu gün sizi tək buraxmasını necə şərh edərdin?
- Bu, bizi də məyus edir. Çünki belə oyunda öz stadionumuzda yalnız "Qarabağ" azarkeşlərinin səslərini eşitmək üzücüdür. Bizdə istəyərik ki, "Neftçi" azarkeşləri gəlib bizi dəstəkləsin. Tezliklə onların tribunaya dönəcəyini gözləyirəm.
Nahid Ustaclı