
Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən “Neftçi” bu gün ilk oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, yarışa 2-ci mərhələdən qoşulan "ağ-qaralar" Belarusun “Dinamo Minsk" komandası ilə üz-üzə gəlib. Matç rəqibin inamlı qələbəsi ilə başa çatıb (2:4).
Matçdan sonra keçirilən mətbuat konfransında komandamızın baş məşqçisi Yuri Vernidub jurnalustlərin suallarını cavablandırıb:
- Azarkeşlər böyük ümidlə gəlmişdilər, lakin məyus ayrıldılar. Avrokuboklarda erkən vida çempionat oyunlarına necə təsir göstərəcək və bu, sizin komandadan ayrılmağınıza gətirib çıxara bilərmi?
"Siz düşünürsünüz ki, mən iki oyunda məğlub olsam, getməliyəm? Mən fərqli düşüncədəyəm. Bu, idmandır və biz cavab oyununa hazırlaşacağıq. Bütün komanda olaraq oynasaq, geridönüş edə bilərik. "Dinamo" elə özü ilk turda ilk matçı uduzdu, sonra geridönüş edib ikinci mərhələyə yüksəldi. Düşünürəm ki, bu cür yanaşma səhvdir. Sevgidən nifrətə bir addımlıq yoldur."
- Hazırda burada media nümayəndələri yox, azarkeşlər olsa idi, onlara nə deyərdiniz?
"Deyərdim ki, bu, sadəcə futboldur; udmaq da var, uduzmaq da."
- Əgər mərhələni keçsəniz, "Braqa" ilə matçda ağ "Neftçi" görəcəyik, ya qara?
"Düşüncələrim sırf cavab oyunu ilə bağlıdır. "Braqa" fərqli səviyyədir. Həm ağ günlər olur, həm qara günlər. Yaxşı olar ki, ağ günlər yaşayaq."
- Bu matçdan sonra təzyiq daha da artacaq. Bu təzyiqlərə hazırsınız?
"Mən hər zaman hazıram, qorxacaq bir şey yoxdur. Sadəcə işləmək lazımdır."
- İlk hissədən sonra yarımmüdafiə xəttində bu qədər boşluq nədən irəli gəlirdi?
"Bu barədə çox danışmaq olar, amma ilk olaraq oyuna baxmaq və təhlil etmək lazımdır. Sizinlə razıyam, 20-ci dəqiqədən sonra istədiyimiz təzyiqi edə bilmədik."
Kamil Xudiyev