Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 30-cu turunda keçirdikləri oyunu -səfərdə "Sabah"a 2:3 hesabı ilə məğlub olduqları gőrűşű dəyərləndirib.
Fanat.Az xəbər verir ki, 52 yaşlı műtəxəssis belə danışıb:
"Sabah"ı, Krunoslav Renduliçi təbrik edirəm. Məğlub olduq, bunu qəbul edirəm. Bəlkə də oyuna daha ciddi yanaşmalıydıq. Deməzdim ki, məşqlərdə arxayınlıq var idi. Çox yaxşı məşqlərimiz oldu. "Sabah"da istək daha çox idi. Bəsit qollar buraxdıq. Belə oyunların bizə faydası olur. Hər bir halda məğlub olmuşuqsa, deməli, bu gün yaxşı deyildik. Qarşıdakı oyunlara daha məsuliyyətli hazırlaşacağıq".
O, çempionatda ən çox "Sabah"dan qol buraxmaqları baĝlı sualı belə cavablandırıb: "Ola bilər. Əllərinə düşən şanslardan istifadə edə bilirlər. Bu il "Sabah"la bütün oyunlarımız maraqlı oldu. Amma bir rəqibdən bu qədər top buraxmaq olmaz. Bəlkə də "Sabah"la oyunlar futbolçuların idman formasından uzaq olduğu dövrə düşür. Amma hər bir halda mən bunu qəbul etmirəm. Daha diqqətli olmalıyıq".
Qurbanov "bayquşlar"ın vurduğu 3-cü qol barədə də fikirlərini bölüşüb: "Son vaxtlar hakimlər haqda o qədər danışılıb, epizodlar müzakirə olunub. Bilmirəm artıq hansı epizod qayda pozuntusudur, hansı epizod penaltidir. Dəfələrlə bildiriblər ki, əl qalxdısa, cərimə zərbəsidir. Mən mübarizənin tərəfdarıyam. Hansı qayda düzdür, onu bilmirəm. Gördüyüm qədərilə Bədaviyə dirsəyi ilə toxunur. Ümumiyyətlə, Rəvan Həmzəzadə oyuna temp verən hakimdir. Bəzən də görürsən ki, belə olur. İnşallah, düzələr".
Qurban bəy "Qarabağ"ın çempionluğu təmin etməyinin məğlubiyyətlə əlaqəsinin olmadığını bildirib: "Peşəkar klubuq. Nə olursa, futbolumuzu oynayırıq. Azarkeşlərimiz də bizdən yaxşı oyun, qələbə gözləyir. Nə məşqdə, nə oyunlarda belə düşüncə var. Hər oyunda maksimum nəticə istəyirik. Məğlubiyyət futbolun silinməyən qanunlarındandır".
Qurbanov "Ən uğurlu mövsümündə komanda çempionatda 4 dəfə məğlub olub. Bunu nə ilə əlaqələndirirsiniz" sualını cavablandırıb: "Digər komandaların da xal itkiləri çox olur. Bəlkə, 6-7 məğlubiyyətlə yenə çempion olacaqsan. Bu dəfə rəqiblər daha çox xal itirdilər".
Baş məşqçi çempionatın formatının dəyişəcəyi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: "Böyük futbol ölkəsi olmaq üçün əvvəlcə komanda sayı artmalıdır. Buna ehtiyac var. Futbolu sevdirmək lazımdır. Bu gün oyunlarımıza 2000-3000 azarkeş gələndə sevinirik. Komanda sayı çox olsa, azarkeş kütləsi də artacaq. Bunlar çox vacibdir. Amma bundan da vacibi keyfiyyətdir. Düzgün qərar verilməlidir. Çətinliklər həmişə olur. Gedişatda bunu düzəltmək olar. Yaxşı layihə qurulsa, futbolu canlandıra bilərik. Sabah 4-5 komanda çempionata gələcəksə, onların problemi olmayacaqsa, böyük məmnuniyyətlə, buna razıyam. Niyə bizdə 16-18 komanda olmasın? Bir komandaya qarşı 4 dəfə oynamaq azarkeş üçün bəlkə də maraqlıdır. Amma bizim üçün maraqsızdır. Kuboku da nəzərə alsaq, 6 dəfə olur. Futbolçuların bir-birini görməkdən zəhlələri gedir.