"Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk Misli Premyer Liqasının 7-ci turunun "Qarabağ"la oyundan sonra mətbuat konfransı keçirib.
Fanat.Az xəbər verir ki, ukraynalı mütəxəssis 0:4 hesabı ilə uduzduqları görüşü belə şərh edib:
"Təəssüf ki, azarkeşlərimizi yaxşı oyun və yaxşı nəticə ilə sevindirə bilmədik. Bunu yaşamaq mənim üçün çətindir. Amma əminəm ki, yaxşı futbol və yaxşı nəticəyə layiq olan azarkeşləri qələbə ilə sevindirəcəyik. Söz verirəm ki, çox yaxında bu sevinci onlara yaşadacağıq.
Bu gün çalışırdıq ki, daha çox topla oynayıb, daha çox hücum edək. Bunu istədiyimiz səviyyədə gerçəkləşdirə bilmədik. Burada tək bizim günahımız yoxdur. Rəqibin güclü olması buna mane oldu. Müdafiə planında isə rəqibə öndə pressinq etmək istəyirdik. Amma bunu tam şəkildə alındırmaq mümkün olmadı.
"Neftçi"nin istədiyi futbolu oynaması üçün zaman çatışmır. Amma indi susmağı daha üstün tuturam. Müxtəlif insanlar bu vəziyyətə fərqli baxır. Amma "Neftçi"nin oyunu ilə bağlı bütün tənqidləri üzərimə götürürəm. Baş verənlərin hamısının dərin analizi var. Sakitəm, rahatam. Oyunçularımıza inanıram. İnanırıq ki, siz yaxşı futbol oynayan, yaxşı nəticə qazanan "Neftçi" görəcəksiz.
Kapitanlıq sarğısını Emin Mahmudovdan almışam. Dünəndən etibarən komandamızda əsas kapitan Ramil Şeydayevdir, ikinci Yuri Matias, üçüncü isə Robert Bauerdir. Bu, mənim qərarımdır".