
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Şimali Makedoniya təmsilçisi “Şkendiya”ya qarşı keçirəcəkləri matçdan - UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan öncə fikirlərini bölüşüb:
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis matçdan öncə təşkil edilən mətbuat konfransında belə danışıb:
"Çox vacib oyun olacaq. Rəqib də iddialıdır. Döyüşkən kollektivdir. Sabah çox güc sərf etməli olacağıq. İntizamlı olmalıyıq. Azarkeşlər üçün maraqlı matç olacağına inanıram. Rəqib əvvəlki mərhələnin hər iki görüşündə qalib gəlib. İlk qarşılaşmadan sonra da rəqiblə bağlı təəssüratlarım eynidir".
O, Kadi Borgesin çıxışı barədə sualı cavablandırıb: "O, istəksiz deyil. Futbolçuların hamısı intizamlı oynamağa çalışırlar. Kadi daha çox texnikalı oyunçudur. Amma belə görüşlərdə rəqibi də nəzərə almaq lazımdır. Futbol artıq bir az fərqlidir. Top itkiləri artıb. Kadiyə də tapşırıqlar var idi. Səhvlər isə qaçılmazdır, həmişə olacaq. Kadidə daha yaxşı oynamaq potensialı var".
Qurbanov Emmanuel Addainin də performansına toxunub: "Addaidə də nəzərəçarpan dəyişikliklər var. O, Azərbaycan yeməklərini dadandan sonra bir az rejimində dəyişiklik olub. Kiçik cərimələr də etmişəm. Gözümüz onların yeməyində deyil. Mən tərəfdən narazılıqlar olub. Artıq hər şey sabitləşib. Özüm də bu rejimdə olmuşam. Hər halda, buna ciddi problem deməzdim. Hər şey artıq daha yaxşıya doğru gedir".
Mütəxəssis ilk matçda top itkilərinin olduğunu qabardıb: "Daha səliqəli oynaya bilərdik. Məşqlərdə bunun üzərində çalışdıq".
53 yaşlı çalışdırıcı transfer siyasətinə də iki cümlə ilə münasibət bildirib: "Çox futbolçu transfer siyahımızdadır. Danışıq apardıqlarımız çoxdur".
Baş məşqçi pley-off mərhələsindəki potensial rəqibləri haqda suala belə cavab verib: "Hansı komandanı istədiyimi desəm, düzgün olmaz. İlk növbədə sabahkı matçı düşünürük. Hər iki rəqib bizim üçün tanışdır".
Qeyd edək ki, "Qarabağ" - "Şkendiya" qarşılaşması avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Səfərdə baş tutan ilk görüş "köhlən atlar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.