
Misli Premyer Liqasının (MPL) 8-ci turunda nominal meydan sahibi statusu ilə "Azərsun Arena"da "Qarabağ"la qarşılaşan "Turan Tovuz" inamla mübarizə aparsa da, sonda güclü rəqibinə 1:2 hesabı ilə məğlub oldu. Bu qarşılaşmada iki komandanın start "11-liy"ində yalnız bir azərbaycanlı futbolçunun yer almışdı ki, o da qərb təmsilçisinin kapitan sarğısını daşıyan Faiq Hacıyev idi. Hacıyevlə əlaqə saxlayıb oyunu dəyərləndirməsini istədik.
Onun Fanat.Az-a açıqlamasını təqdim edirik:
"Qarabağ"la oyunlar həmişə çətin və maraqlı alınır. Oyuna yaxşı hazırlaşmışdıq. İlk hissədə verilən tapşırıqları daha yaxşı şəkildə yerinə yetirdik. İkinci yarıda "Qarabağ" təzyiqi artırdı. Məncə, nəticəni təcrübə fərqi müəyyənləşdirdi. Bu matçdakı səhvlərimizdən nəticə çıxarıb növbəti qarşılaşmalarda daha yaxşı oynamağa çalışacağıq.
Növbəti oyunumuzu "Karvan-Yevlax"a qarşı keçirəcəyik. Rəqib son oyunlarda istədiyi nəticələri qazana bilməsə də, biz bütün matçlara səylə hazırlaşırıq. Maksmum nəticə uğrunda mübarizə aparacağıq".
Nihat