
1-ci Liqanın 8-ci turunda "Şahdağ Qusar"ı qəbul edən "Zaqatala" 1:0 hesablı qələbə qazanaraq turnir cədvəlindəki mövqeyini yaxşılaşdırdı. Hazırda 13 xalla 4-cü pillədə mövqe tutan meydan sahiblərinin baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxlayıb qələbəni dəyərləndirməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Oyun gözlədiyimiz kimi, gərgin alındı. Birinci hissədə daha yaxşı çıxışla yadda qaldıq. Kəsərli hücumlar qurduq, qol vəziyyətləri yaratdıq. Təəssüf ki, son nöqtəni qoymağa çətinlik çəkirdik. İkinci hissədə tempi aşağı salmadıq. Pressinqə üstünlük verdik. Çalışırdıq ki, rəqib üçüncü zonada təzyiq edərək bizim səhvlərimizdən yararlana bilməsin. "Şahdağ Qusar"ın yaxşı komanda olduğunu oyundan əvvəl də bildirmişdim. Belə desəm, rəqibi üstün tərəflərindən faydalanmağa qoymadıq. Həftə ərzində bunun üzərində işləmişdik. Necə oynamalı olduğumuzu bilirdik. Futbolçular sağ olsunlar, verilən tapşırıqları inamla yerinə yetirdilər. Müdafiə xəttimiz qonaqlara heç bir şans vermədi. Düzdür, qolu məzmunlu həmlə sayəsində yox, standart vəziyyətdən vurduq. Amma "Şahdağ Qusar"ın zəif cəhətlərindən biri də elə standart vəziyyətlər zamanı davranışları idi. Yəni belə olduğunu əvvəldən müəyyənləşdirmişdik. Əsas məsələ qələbə qazanmaq idi ki, buna da nail olduq. Bu oyuna qədər hər iki komandanın 10 xalı var idi. Rəqib turnir cədvəlində bizdən yuxarıdakı pillədə mövqe tutmuşdu. Onları keçməliydik. Şadam ki, istəyimizə çatdıq".
Nihat