
Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində "Napoli"nin qonağı olacaq. Ağdam təmsilçisinin sabiq müdafiəçisi Elşad Əhmədovla əlaqə saxlayıb qarşıdakı matç barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Napoli" son İtaliya çempionudur. Rəqib komandanı Antoni Konte kimi təcrübəli, tanınmış, özünü sübut etmiş mütəxəssis çalışdırır. "Napoli"nin 4 xalı var və "Qarabağ" üzərində qələbə onlar üçün pley-offa vəsiqə baxımından çox önəmlidir. Məlum məsələdir ki, İtaliya təmsilçisi öz meydanında aqressiv oyun sərgiləyəcək. Digər tərəfdən, "Napoli"nin üç əsas oyunçusu qarşılaşmanı kənardan izləyəcək. Bu, bizim üçün müsbət haldır. "Qarabağ" səfər oyunlarında xoş təsir bağışlayır. Oyunumuz alınsa, topu özümüzdə saxlaya bilsək, xal qazana bilərik. Onların orta xətt oyunçuları top saxlamağı bacarırlar. Deməli, pressinqdən nə dərəcədə uğurla faydalanacağımız da həlledici məqamdır. İnanaq ki, uşaqlar əzmkar çıxışla yadda qalacaq və Azərbaycana xalla dönəcəklər".
Qeyd edək ki, "Napoli" - "Qarabağ" qarşılaşması noyabrın 25-dən 26-na keçən gecə "Dieqo Armando Maradona" stadionunda keçiriləcək. Matçın start fiti 00:00-da səsləndiriləcək.
Nihat