
Misli Premyer Liqasının 13-cü turunda "Karvan-Yevlax"ı qəbul edəcək "Qarabağ"ın oyuna neçə itki ilə çıxacağı bəllidir.
Klubdan Fanat.Az-a verilən məlumata görə, bu gün istirahət edəcək Ağdam təmsilçisi sabahdan məşqlərini bərpa edəcək.
Braziliyalı yarımmüdafiəçi Kadi ilə qapıçı Şahruddin Məhəmmədəliyevin zədə səbəbindən Yevlax təmsilçisi ilə oyunda iştirak etməyəcəkləri dəqiqdir. UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunun oyununda - "Napoli" ilə səfər matçının 60-cı dəqiqəsində xəsarət aldığı üçün əvəzlənən müdafiəçi Kevin Medinanın durumu qənaətbəxşdir. Müayinə zamanı ciddi problemi olmadığı müəyyənləşən 32 yaşlı kolumbiyalı sabahdan kollektiv məşqlərə qatılacaq.
Qeyd edək ki, "Qarabağ" - "Karvan-Yevlax" oyunu noyabrın 29-da baş tutacaq. "Azərsun Arena"da keçiriləcək görüşün start fiti 17:00-da səsləndiriləcək.
Nihat