
Misli Premyer Liqasının XXIII turunun “Qarabağ” – “Araz-Naxçıvan” oyunundan (6:0) sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb:
“Bu gün stadionda xeyli sayda qadın azarkeşlər var idi. Onlara, matça gələn hər azarkeşə təşəkkür edirəm. Bu gün qadınların bayramıdır. Onları cansağlığı, uzun ömür, xoşbəxtlik arzulayıram. Yaxşı oyun alındı, həm bolqollu oldu, həm də yaxşı hücumlar qurduq. Hazırlaşdığımız, məşqdə etdiklərimizi meydanda gördüm. Bu da çox önəmli idi. Bu da mənə inam verdi ki, futbolçularım özlərinə gəlməyə başlayırlar. Buna baxmayaraq, narazı qaldığım epizodlar oldu. Matçdan sonra da futbolçularına iradlarımı bildirdim ki, onları yaxşılaşdırmalıyıq. Bir neçə oyundan sonra tam qaydasına düşəcəyinə inanıram. “Araz-Naxçıvan”a uğurlar arzulayıram”.
Baş məşqçi çempionluq və kubok mübarizəsinə də toxunub: “Sabah”ın şansı daha çoxdur. Çox yaxşı komanda formalaşdırıblar, yaxşı oyun nümayiş etdirirlər. Biz sonadək mübarizə aparacağıq. Futbolçuların idman formalarını qarşıdakı günlərdə yaxşılaşdırmalıyıq. Kubok fərqli, çempionat fərqli turnirdir. İstənilən futbolçu da bu turnirlərə fərqli yanaşır. Kubok başqa prestijdir. Bu cür komanda ilə həm çempionat, həm kubokda qarşılaşmaq, nəticədən asılı olmayaraq, həm bizim üçün, həm “Sabah” üçün avrokuboklara yaxşı hazırlıq olacaq. Bundan sonra bu səviyyədə, belə komandaya qarşı 3 oyunun olması hər iki tərəf üçün faydalı olacaq və böyük inam verəcək”.