
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qarabağ" – “Vestri” (İslandiya) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.
Fanat.Az "köhlənlər"in mətbuat xidmətinə istinadən xəbər verir ki, Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı iyulun 8-də saat 19:15-də “Azersun Arena”da baş tutacaq.
Saat 19:30-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək. Komandamızın hazırlıq prosesi “Azersun Arena”da gerçəkləşəcək.
Qonaq komandanın baş məşqçisi Daniel Osafo-Badunun Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 17:30-da start götürəcək. İslandiya təmsilçisinin ilk 15 dəqiqəsi açıq olacaq məşqi bu arenada keçiriləcək və saat 18:00-da başlayacaq.
Media mənsubları akkreditasiyalarını iyulun 8-də 11:00-dan 17:00-dək Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat otağından götürə bilərlər.
Qeyd edək ki, iyulun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Vestri” görüşü saat 20:00-da başlayacaq.