
Yeni mövsümə Azər Bağırovun rəhbərliyi altında hazırlaşan "Şamaxı" heyətini bir neçə əcnəbi ilə gücləndirib. "Aslanlar"ın rənglərinə bağladığı 3 yeni portuqaliyalıdan biri də sol cinah müdafiəçisi Jota Oliveyradır.
25 yaşlı futbolçu Fanat.Az-ın suallarını cavablandırıb:
- "Şamaxı"ya keçidin necə alındı?
- Klub ilk gündən məni Şamaxıya gətirmək üçün böyük səy göstərdi. "Şamaxı"da çox səmimi qarşılandım. Sənə dəyər verildiyimi hiss etmək həmişə xoşdur. Hər şeyin problemsiz şəkildə həll olunmasında böyük rolu olan klub rəhbərliyinə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Rəhbərliyin hər şeydə dəstək göstərməsi mənim üçün çox önəmli idi.
- Artıq bir neçə gündür komandadasan. Özünü necə hiss edirsən?
- Demək olar ki, bir həftədir komandayam və indiyə qədər gördüyüm hər şeydən çox razıyam. Azərbaycanda hər kəs, xüsusilə də klubdakı insanlar bizi çox səmimi qarşıladılar. Onlar özümüzü evimizdəki kimi hiss etməyimiz üçün əllərindən gələni etdilər və bu məqam mənim üçün çox dəyərlidir.
- Uyğunlaşa bilirsən?
- Adaptasiya prosesi çox yaxşı gedir. Yeni bir mədəniyyəti tanımaq həmişə gözəl təcrübədir. Bu tanışlığı qarşılıqlı hörmət çərçivəsində yaşamaq daha da xoşdur. Komandadakı futbolçular, tibbi heyət, məşqçilər korpusu və rəhbərlik mənə qarşı çox diqqətli davranır.
- Komandada portuqaliyalı futbolçuların çox olması adaptasiyaya kömək edirmi?
- Əlbəttə. Heyətdə bir neçə portuqaliyalı futbolçunun olması adaptasiya prosesini xeyli asanlaşdırır. Onların bir çoxu əvvəlki mövsümlərdən klubu, buradakı insanları yaxşı tanıdıqlarına görə yeni gələnlərin daha tez uyğunlaşmasına yardımçı olurlar. Bu da bizim qısa zamanda özümüzü rahat hiss etməyimizi şərtləndirən amildir. Şübhəsiz, "Şamaxı"nın məqsədinə çatması üçün bacardığımızı əsirgəməyəcəyik.
Nihat