
"Qarabağ" UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda İslandiyada "Vestri" ilə qarşılaşacaq. Birinci görüşdə qalib gələn "köhlən atlar" bugünkü qarşılaşmada da eyni uğuru təkrarlamaq istəyir.
Azərbaycanın tanınmış mütəxəssislərindən olan Mahmud Qurbanova həm səfərdəki matçla, həm də "Qarabağ"ın çıxışı və yeni transferləri barədə sual ünvanladıq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Qarabağ"ın "Vestri" səddini keçmək ehtimalı elə püşkatmadan da görünürdü. Yəni əvvəldən də cütün favoriti təmsilçimiz idi. Rəqibin bu gün "Qarabağ"ı büdrədəcəyinə inanmıram. Çünki, həm komandalar, həm də ölkə çempionatlarının səviyyəsində fərq var. İslandiya təmsilçisi birinci liqada oynayır və səhv etmirəmsə, axırıncı oyunda öz evində 2:5 uduzub. Bir sözlə, "Vestri"nin bu gün revanş alacağını, "Qarabağ" üçün çətinlik yaradacağını düşünmürəm.
Heyətdə Bakıda oynamayan bəzi yeni oyunçuları görə bilərik. Məncə, bu normal olar. İstənilən halda, dəyişikliyə görə hansısa çətinlik yaşayacağımıza inanmıram.
Bir oyunla yeni gələnlər haqda fikir yürütmək tez olar. "Vestri" də elə komanda deyil ki, onlarla oyunda təzələrin potensialını tam şəkildə öyrənək. Amma görünür ki, müdafiənin mərkəzində (Bense Varkonyi) və sol cinahında (Bruno Lanqa) oynayanlar, həmçinin, hücumçu (Zakaria Savo) yaxşı futbolçulardır. Forvard top axtarır, mövqe tapır, açılır, qol vurmaq istəyir. Yenə deyirəm, bir oyuna əsasən nəsə demək çox tez olar".
Qeyd edək ki, "Vestri" - "Qarabağ" matçı bu gecə, Bakı vaxtı ilə saat 00:00-da baş tutacaq.
Əlisahib İbrahimli