
Ötən mövsüm 1-ci Liqada çempionluğu sona 1 tur qalmış rəsmiləşdirən "Şəfa"nın rəhbərliyi bir neçə futbolçusu ilə müqavilə yenilədi. Misli Premyer Liqasında da Bakı təmsilçisinin sıralalarında olacaq futbolçulardan biri də təcrübəli müdafiəçi, geridə qalan "futbol ili"ndə kapitan sarğısını daşıyan Tərlan Quliyevdir. Tərlanla əlaqə saxlayıb yeni baş məşqçi Zauir Həşimovun rəhbərliyi altında 11 gün öncə başlayan təlim-məşq toplanışını dəyərləndirməsini və komandasından elitada nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Şəfa"nın Premyer Liqaya yüksəlməsi münasibəti ilə bu işdə əziyyəti olan hər kəsi bir daha təbrik edirəm. Bir vaxtlar millinin bazası funksiyasını yerinə yetirən klubun uzun fasilədən sonra elitaya çıxması çox xoş hadisədir. Mənim üçün sevindirici haldır ki, İkinci Liqada sıralarına qoşulduğum komanda ilə Birinci Liqada çempionluq sevinci yaşamışam. Yəni mən də komandanın uğurlarında pay sahibi olmuşam. Bu yolu gəlmək həqiqətən möhtəşəm idi.
On bir məşq günümüz olub, artıq bir yoxlama oyunu da keçirmişik. Sınaq qarşılaşmasında "İmişli" ilə 2:2 hesablı heç-heçəyə razılaşdıq. Yenilənmiş heyətdə yerlilərlə yanaşı, əcnəbilər də var. Qısa müddətdə bir yerdə olsaq da, əcnəbilərin də uyğunlaşma prosesi yetərincə yaxşı gedir. Necə deyərlər, komanda ruhu formalaşır. Hərə öz üzərinə düşən işi görməyə çalışır.
Əlbəttə, Premyer Liqada mübarizə bizim üçün çox çətin olacaq. "Şəfa"ya autsayder gözü ilə baxa bilərlər, amma biz meydanda bütün gücümüzü, ürəyimizi qoyacağıq. Xal və xallar qazana bilmək üçün yeganə yolumuz budur. Hamılıqla mübarizəyə köklənməliyik".
Nihat