
1-ci Liqada çempionluğu hədəfləyən "Şahdağ Qusar" Füzuli Məmmədovun rəhbərliyi altında yeni mövsümün hazırlığını davam etdirir. Qusar təmsilçisi son hazırlıq matçını bu gün Qəbələdə "Şimal"a qarşı keçirəcək. Bölgə komandasının baş məşqçisi ilə əlaqə saxlayıb ona bir neçə sual ünvanladıq.
Məmmədovun Fanat.Az-ın əməkdaşı ilə dialoqu belə alındı:
- Hazırlığa erkən başlamısınız və bu gün altıncı sınaq matçına çıxacaqsınız...
- Bildiyiniz kimi, daha öncə "Sabah"ın və "Qarabağ"ın əvəzedici (hər ikisi 4:0), "Neftçi"nin əsas komandası (1:3), "Mingəçevir" (3:0) və "Marafon"la (3:0) qarşılaşmışıq. Hər oyunun öz effekti oldu. Xüsusilə, "Neftçi" ilə görüş bizim üçün çox faydalı alındı. Bəzi rəqiblərimizin də daha güclü olmasını istəyərdik. Çünki rəqib güclüdürsə, çatışmazlıqları daha yaxşı görmək olur. Amma bəzən müxtəlif səbəblərdən arzuladığın rəqibi tapmaq istəyini həyata keçirə bilmirsən. Maksimum imkanlardan istifadə etdik və düşünürəm ki, ümumilikdə planauyğun şəkildə hazırlaşdıq. Bu gün son yoxlama oyunumuzu keçirəcəyik və avqustun 10-da başlayan təlim-məşq toplanışı yekunlaşacaq.
- Heyəti komplektləşdirə bilmisinizmi?
- Bəli. Heyət artıq formalaşıb. Bundan sonra bütün diqqətimizi sentyabrın 3-də başlayacaq çempionata yönəldəcəyik.
- İlk çempionat matçını digər iddialı MOİK-ə qarşı keçirəcəksiniz. Bu qarşılaşmadan nə gözləyirsiniz?
- Biz bütün oyunlara maksimum nəticə üçün çıxacağıq. Çempionluğa oynayırıqsa, istənilən rəqiblə görüşdə hədəfimiz yalnız qələbə olacaq. Meydanda uğur qazanmaq üçün yaxşı heyətimiz, keyfiyyətli, istəkli oyunçularımız var.
- Komandanın kapitanı ilə bağlı qərarınızı qətiləşdirmisnizmi?
- Xeyr, hələ kapitanın kim olacağını dəqiqləşdirməmişik. Yoxlama görüşlərində sarğını təcrübəli futbolçular daşıyıb. İlk rəsmi matça qədər bu məsələyə də aydınlıq gələcək.
Nihat