
1-ci Liqanın 2-ci turunda "Xankəndi"ni qəbul edən "Gəncəbasar" 2:1 hesablı qələbə qazandı. Gəncə təmsilçisinin baş məşqçisi Elhad Nəziri ilə əlaqə saxlayıb oyunu dəyərləndirməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Rəqibin "Səbail"lə oyununa baxmışdıq. Əlbəttə ki, "Xankəndi"ni analiz etmişdik. Matçın ağır keçəcəyini bilirdik. Heyətində təcrübəli futbolçular cəmləşmiş komandaya qarşı oynadıq. Rəqibin xüsusi oyun planını müəyyənləşdirmişdik və bunun qarşısını almalı olduğumuzun fərqindəydik. Futbolçularıma da demişdim ki, bu oyunda səhv etməsək, "Xankəndi"ni məğlubiyyətə uğratmaq şansımız çox olacaq. İlk ev oyunumuz idi. Müəyyən təzyiq var idi.
Futbolçularımı təbrik edirəm, xarakter göstərdilər. Qapımızda qol görəndən sonra geridönüş etmək asan deyildi. Bizi dəstəklədikləri üçün azarkeşlərimizə minnətdarıq. Diqqətimizi qarşıdakı matçlara yönəldəcəyik".
Nihat