
1-ci Liqanın 2-ci turunda "Baku Sportiqn"i qəbul edən "Zaqatala" 3:0 hesablı darmadağına sevindi. Meydan sahiblərinin baş məşqçisi Rakif Əliyev ilə əlaqə saxlayıb oyunu dəyərləndirməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Oyun gərgin keçdi. Matçı iki hissəyə ayırmaq olar. İlk yarıda qarşılıqlı mübarizəyə şahidlik etdiksə, ikinci yarıda biz daha üstün göründük. Heyətimizdəki futbolçuların gənc olduğunu bilirsiniz. Fasilədən sonra tempi bir qədər artırdıq. Rəqib bu dinamikanın qarşısında belə desək, çatdıra bilmədi. Amma "Baku Sportinq"in də istedadlı və təcrübəli futbolçuları var. Elşən Abdullayevin, Şahmar Aşurovun və başqalarının adını çəkə bilərəm. Onlara qarşı necə mübarizə aparmalı olduğumuzu bilirdik. Buna görə də oyun istədiyimiz kimi getdi və qalib gəldik. Matçı izləməyə gələn bütün azarkeşlərə təşəkkür edirəm. Hər iki oyunda hakim idarəçiliyindən də çox razı qalmışam. Onu da qeyd edim ki, bu mövsüm Premyer Liqa səviyyəsinə yaxın bir çempionat təşkil edilib".
Xatırladaq ki, "Zaqatala" ilk turda səfərdə "Mingəçevir"lə 2:2 hesablı heç-heçəyə razılaşmışdı.
Nihat