
“Kəpəz” PFK akademiyanın yetirməsi, böyük gələcək vəd edən 15 yaşlı Əlisahib Əliyevlə peşəkar müqavilə bağlayıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, istedadlı qapıçı bundan sonra məşqlərini əvəzedicilərdən ibarət komandada davam etdirəcək. Hazırda "Kəpəz"in U-19 kollektivinin əsas qapıçısı olan Əlisahib peşəkar müqavilə sayəsində Əvəzedicilər Liqası və Misli Premyer Liqasında forma geyinmək hüququ qazanıb.
“Sarı-göylər”in tarixində yeniyetmə istedadla son belə müqavilə 2018-ci ildə olub. Həmin vaxt 15 yaşlı müdafiəçi Ümid Səmədov əsas komandaya cəlb edilib. Əlisahib Əliyev isə “Kəpəz” tarixində peşəkar anlaşmaya imza atan ən kiçikyaşlı qapıçı ünvanına sahib çıxıb.
Futbolla 5 yaşından məşğul olan Əlisahib qeyri-adi istedadı, çevikliyi, reaksiyası sayəsində məşqçilərin diqqətini dərhal özünə çəkib. O, lap kiçik yaşlarından etibarən böyük yaş qruplarından ibarət heyətdə oynayıb.
Yeniyetmə futbolçu klubun rəsmi saytına açıqlamasında təəssüratlarını bölüşüb: “Kəpəz”lə peşəkar müqavilə bağladığıma görə çox şadam. Üzərimdə daha çox işləyib, etimadı doğrultmağa çalışacağam. Məqsədim “Kəpəz”in əsas heyətində debüt etmək və milli komandaya dəvət almaqdır. Gələcəkdə Avropanın “Top-5” çempionatlarından birində forma geyinməyi arzulayıram. Ən çox sevdiyim klub “Real Madrid”dir. Kumirim isə almaniyalı qapıçı Manuel Noyerdir. Mən də onun kimi ayaqla yaxşı oynayıram, taktiki məşqlərə üstünlük verirəm”.