"Azarkeşlərimiz üçün darıxmışdıq. Sağ olsunlar, əllərindən gələni etdilər, bizi tək qoymadılar".
Fanat.Az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov deyib.
43 yaşlı çalışdırıcı Bakıda Tiflis "Dinamo"suna 2:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra ənənəvi mətbuat konfransına qatılıb.
Abasov nəticənin əsas olduğunu vurğulayıb: "Bu cür oyunlara çıxmaq gərginlikdir. Bəzi epizodlarda səhvlərimiz oldu. Amma oyundan-oyuna daha da güclənəcəyik. Buna əminəm. Futbolçularım hər iki matçda əlindən gələni etdi. Cəmi 3 yoxlama matçından sonra bu səviyyədə oynamaq asan deyil. Oyunçularımız bacardılar və lazımi nəticəni qazandılar. Qol buraxdıqdan sonra hücuma atılmalıydıq. Necə oynamalı olduğumuzu bilirdik. Yenə deyirəm, əsas nəticə idi".
Baş məşqçi komandanın yeni transferinin - oyuna sonradan qoşulan Harramiz Suareşin çıxışını belə dəyərləndirib: "Harramiz universal futbolçudur. Həm yarımmüdafiədə, həm də hücumda çıxış edə bilir. Beşli müdafiənin cinahında oynamaq da təqribən eyni şeydir. Vaxt keçdikcə hansı futbolçunun nəyə qadir olduğunu bilirik. Ehtiyat qüvvəmiz azdır. Bəzi oyunçuları məcburiyyətdən oynadırsan".
Mütəxəssis II təsnifat mərhələsindəki matçdan - Yunanıstan "Olimpiakos"undan da danışıb: "Əminəm ki, vaxt keçdikcə daha yaxşı oynayacağıq. "Olimpiakos" belə epizodları bizə bağışlamayacaq. Əlimizdən gələni edəcəyik. Onu da deyim ki, ümidliyəm. Yeni transferlər gözlənilir. Honda kimi oyunçumuz yoxdur ki, rəqib hücumlarının qarşısını alsın. Bəlkə də bu cür oyunlar işimizi asanlaşdıra bilər. "Olimpiakos" bizə birinci zonada oynamağa imkan verməyəcək. Səhvlərimizdən nəticə çıxarmalıyıq".
Mirağa