Azərbaycan Premyer Liqasında VI turun oyunları yekunlaşdı.
Bu turdan sonra milli komandaların oyunları ilə əlaqədar çempionata iki həftəlik ara verildi. Turun yadda qalan məqamlarına birlikdə diqqət yetirək.
“Zirə” – “Sumqayıt” 1:0
Qol: Loris Bronyo, 14
Mövsümün sonunda “Sumqayıt”ın neçənci pillədə olacağını demək çətindir. Amma bir şey dəqiqdir ki, Ayxan Abbasovun çalışdırdığı komanda xeyli zəifləyib. Əli Qurbaninin zədələnməsi, Rəhim Sadıxovun yavaş-yavaş “kölgəyə” çəkilməsi “Sumqayıt”ın əlini-qolunu bağlayıb. Tam əminliklə demək olar ki, Riad Rəfiyevin “bal” adıyla İrandan gətirdiyi Səid Rza heç “doşab” da deyil. “Gənclik şəhəri”nin təmsilçisi yerində sayır, “Səbail”in qonşuluğundan uzaqlaşa bilmir. Fasiləndən sonra “Keşlə” sürəti bir qədər də artırıb, “Sumqayıt”ı qabaqlasa, buna heç də təəccüblənmək lazım deyil.
Rəşad Sadıqovun çalışdırdığı “Zirə” isə oyundan-oyuna artırır. Gənc çalışdırıcı yerli gənclərlə səviyyəli legionerlərin vəhdətindən əla komanda qurub. Qəsəbə komandası öz gücünü 90 dəqiqəyə düzgün bölməyi, səliqəylə müdafiə olunub, “öldürücü” hücumlar qurmağı bacarır. Bronyonun “Sumqayıt”ın qapısına vurduğu qol da izləyənlərə zövq verdi. Davit Volkovun qapıçının başı üzərindən aşırmağa çalışdığı top Aydın Bayramovdan qayıtsa da, Bronyo zərbəni ustalıqla tamamladı. Aktivində 11 xalı olan “Zirə” liderlərli qarabara izləməkdə davam edir.
“Keşlə” – “Sabah” 2:0
Qollar: Merab Qiqauri, 3; Santos, 90+5
“Qarabağ”la oyundakı heç-heçə “Keşlə”nin gücünə güc qatıb, komandada özünəinam yaradıb. Belə olmasaydı, Sənan Qurbanovun tribunadan izlədiyi oyunda “Keşlə” inamlı qələbə qazanmazdı. Düzdür, “Sabah”ın baş məşqçisi Ramin Quliyev hakim idarəçiliyindən narazılıq edir, ədalət təmsilçilərinin nəticəyə təsir edən səhvlərini qabardır. Amma çalışdırıcının dedikləri həqiqət olsa belə, “Keşlə”nin haqsız qələbə qazandığını demək mümkün deyil. Artıq 3-cü dəqiqədə hesabı açan qəsəbə komandası sona qədər bu hesabı qorudu, Santosun əlavə dəqiqələrdə vurduğu qol isə yekun hesabı müəyyənləşdirdi. Gürcü futbolçunun künc zərbəsindən sonra topu tora qovuşdurması daha çox “ev tapşırığı”na bənzəyirdi. Santosun qol vurduğu epizodda isə “Sabah”ın futbolçuları hamılıqla irəli atılıb, müdafiəni unutmuşdular. Son iki turda 4 xal qazanan “Keşlə” artıq 7-ci pilləyə yüksəlib, 6-cı yeri “özəlləşdirmək” üçünsə növbəti turda “Səbail”i məğlub etmək lazımdır.
“Sabah”ın problemləri isə bitmək bilmir. Sözün düzü, komandanın “qara zolaq”dan nə üçün çıxa bilmədiyini izah etmək də çətindir. İlk baxışdan “Sabah”ın heyəti yetərincə güclü görünür, komanda da pis çıxış etmir. Amma qol vurmaq, qələbə qazanmaq üçün həmişə nəsə çatmır. Növbəti turda “Sabah” “Qarabağ”ı doğma meydanda qəbul edəcək. Deməli, komandanın işi xeyli çətin olacaq.
“Səbail” – “Neftçi” 1:3
Qollar: Nikolas Raysel, 90+5 - Yusuf Laval, 26, Tiaqo Bezerra, 45+1, 78
“Neftçi”nin “Səbail”i 3:1 hesabıyla məğlub etməsi səviyyə fərqinin göstəricisidir. Hesab daha da böyük ola bilərdi, sadəcə, “Neftçi” vaxtından xeyli əvvəl arxayınlaşdı və qapısında da qol gördü. Meydançanın örtüyünün süni olması, “Neftçi”nin futbolçularının zədələnməkdən qorxub, ehtiyat etməsi də “Səbail”in işinə yaramadı.
Aftandil Hacıyev hər nə qədər razı olmasa da, “Səbail” çempionatın autsayderi olmaq yolunda irəliləməkdədir. Komandanın düşərgəsindən gələn xəbərlərdə futbolçuların maaşlarında gecikmələrin olduğu bildirilir. Bu da meydandakı oyuna öz təsirini göstərir.
“Neftçi”nin işləri isə qaydasındadır. Avrokuboklardan “qovulan” “xalq komandası” diqqətini bütünlüklə daxili çempionata yönəldib, yeni transferlərin də heyətə uyğunlaşmasıyla “Neftçi” daha yaxşı oynamağa başlayıb. Bunun da sayəsində “ağ-qaralar” qələbələri sıralamaqdadı.
Oyun haqda yazarkən artıq iki turdu davam edən bir məqamı vurğulamaq lazımdır. Bir qrup azarkeş iki turdur ki, “Səbail”in rəqiblərinə qarşı maraqlı aksiyaya əl atır. “Zirə”ylə oyunda tribunada pomidor yeyən gənclər bu dəfə üzərinə “Neft” yazılmış butulkayla gündəmə gəldilər. Ümid edək ki, bu cür sivil və maraqlı fləşmoblar gələn oyunlarda da davam edəcək.
“Qarabağ” – “Qəbələ” 2:0
Qollar: Abdullah Zubir, 52. Ramil Şeydayev, 66.
Liderlərin görüşü əsl nostalji ab-havada keçdi. Bir neçə mövsüm bundan əvvələ qədər “Qəbələ” çempionluq yarışında “Qarabağ”ın əsas rəqibi idi. Elmar Baxşıyevin çalışdırdığı “qırmızı-qaralar” düzgün seleksiya, fədakar futbolçular və sözsüz ki, əla “məşqçi işi” sayəsində yenidən ötən günləri xatırladır. Bu tura qədər hər iki komandanın aktivində 11 xal var idi və onlar ilk iki pilləni tuturdular. “Azərsun Arena”dakı görüşdə 2:0 hesablı qələbə qazanan “Qarabağ” 3 xal sayəsində vahid liderə çevrildi.
Hesabın ikinci yarıda açılması da “Qəbələ”nin “Qarabağ”a layiqli müqavimət göstərə bildiyinin göstəricidir. Səviyyə fərqi özünü ikinci hissədə biruzə verdi. “Qarabağ” adına daha bir sevindirici məqam Ramil Şeydayevin ayağının açılmasıdır. Millinin hücumçusu “Omoniya” ilə oyunda fərqləndikdən sonra özünəinam hissini qaytarıb. Bu məqam həm millimizin, həm də “Qarabağ” azarkeşlərinin ürəyincə olmalıdır. Şeydayevin qollarını sıralayacağına inanmağa dəyər.
Aktivində 14 xalı olan “Qarabağ” çempionatın vahid lideridir. “Köhlən atları” 13 xalla “Neftçi” təqib edir. “Qarabağ”a uduzan “Qəbələ”nin isə 11 xalı var. Deməli, millinin oyunlarına görə verilən 14 günlük fasilədən sonra bizi maraqlı mübarizə gözləyir.
Amal Abuşov