Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Ramal Hüseynovun "Səbail"də seleksiyaçı-məşqçi olaraq çalışacağı haqda xəbər vermişdik.
Məsələ ilə bağlı veteran futbolçunun özü ilə əlaqə saxladıq.
Fanat.Az-a danışan Hüseynov saytımıza açıqlamasında xəbəri təsdiqlədi: Mənə də telefon vasitəsilə bu barədə məlumat veriblər. Amma tam dəqiq deyil. Hələ ki, məsələ açıq qalıb.
- Klub rəhbərliyi ilə danışıqlarınız olub?
- Elə-belə, iş barəsində tam rəsmilik yoxdur. Konkret hansı işlə məşğul olacağımla bağlı məlumat yoxdur. Özüm də fikirləşirəm, hələ qərar verməmişəm.
- “Səbail”də Zaur Ramazanovu əvəzləyəcəyiniz bildirilir. Bizdə olan məlumata görə o da şəraitdən narazı qaldığı üçün gedib.
- Məni maraqlandıran akademiyadır. “Səbail”in akademiyası sabah üçün faydalıdır. Ulduz futbolçular yetişdirə bilərlər. Bəzi klublarda olmayanlar orada var. Çalışanlar futbol oynamış insanlardır. Bütün bunlar xoşuma gəldi. Belə kollektivdə işləmək mənim üçün xoş olar. Bu maliyyədən daha önəmlidir. Seleksiyaçı-məşqçi kimi çalışssam, böyük fikirlərim var. Hər yerə getmək, uşaq axtarmaq lazımdır. Elə yerlər var ki, oradakı uşaqlar Azərbaycan üçün ulduz ola bilər. Amma batıb qalıblar. Gedib gətirmək lazımdır. Bunu həmişə demişəm. Rayonlara, lazım olsa kəndlərə də getməliyik.