
Azərbaycan Premyer Liqasının IX turunda "Neftçi" səfərdə əzəli rəqibi "Qarabağ"a böyük hesabla uduzub.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Samir Abasov 0:4 hesabı ilə məğlub olduqları görüşü şərh edib.
"Məğlubiyyətdən sonra hissləri, hirsləri cilovlamaq çətindir. Oyuna pis başlamadıq. Hətta qol şansımız da oldu, amma kapitan Emin Mahmudov iki metrdən qapıya düşə bilmədi. "Qarabağ"ın futbolçuları əllərinə düşən fürsətlərdən yararlandılar. Səviyyə fərqi həddindən artıq görünürdü. Bəzi şeylər var ki, onları düzəldə biləcəyimizə inanmıram. Bu gün yaxşı motivasiyada meydana çıxmışdıq. Ardıcıl qollar bizi sındırdı. Qolları çıxsaq, rəqibə müqavimət göstərdiyimizi deyə bilərəm. Keyfiyyət öz sözünü dedi. Oyunçuların arasında böyük fərq var. Çoxları deyir ki, həddindən artıq dəyişiklik edirsən, amma hər şey ölçülü şəkildə olur. Uduzandan sonra danışmalısan. Bizim yaralı yerimiz yerli futbolçulardır. Emin Mahmudov istisnadır".
Abasov "Qarabağın gücləndiyini də qeyd edib: "Qarabağ" bu mövsüm daha da güclənib. Deyərdim ki, bunda "Neftçi"nin də rolu olub. Azarkeşlər yaxşı abu-hava yaratmışdılar. Amma etikadan kənara çıxmasalar, daha yaxşı olar. Bizim dərdimiz fanatlar deyil. Qəbul etməliyik ki, yerli futbolçularınmız tələblərimizə cavab vermir. Heç nəyi gizlətmək lazım deyil. Bu gün əziyyət çəkirik. Oyunda ruhumuzu və istəyimizi ortaya qoymalıyıq. Qarşılaşma başlayanda oyunçuların motivasiyaların olduğunu görürdük. Motivasiya və əhval-ruhiyyə əla idi. Bundan sonra da belə olacaq. Bəzi məsələlər var ki, mən onu düzəldə biləcək gücdə deyiləm".