11:14 01.11.2021 671

“Sabah” ümidləndi, “Zirə” “Qəbələ”yə çatdı – Tura baxış

Azərbaycan Premyer Liqasında IX turun oyunları başa çatdı. Azarkeşlər bu tur bir-birindən maraqlı qarşılaşmalar izlədilər.

Həmin görüşlərə sırasıyla diqqət yetirək.

“Zirə” – “Keşlə” 2:0
Qollar:
Loris Broqno, 17, Ağabala Ramazanov, 42
Qırmızı vərəqə: Tural Axundov, 90+4

“Keşlə” ardıcıl üç oyunda uduzmamaqla klubun Müşahidə Şurasının sədri Zaur Axundovu və azarkeşlərini ümidləndirmiş, Sənan Qurbanovu rahatlatmışdı. Ötən tur “Qəbələ”yə “diş göstərməyə” çalışan qəsəbə təmsilçisi məğlubiyyətdən qaça bilməmiş, xalsız qalmışdı. Həmin oyundakı məğlubiyyət “Keşlə”nin əsl gücünün göstəricisi də sayıla bilərdi. Doğma meydanda “Qəbələ”yə uduzan keşləlilər Zirədən də əliboş döndü. 

Rəşad Sadıqovun əla təşkilatlanmış komandası fasiləyə qədər oyunun taleyini həll etdi. Əvvəlcə “səhnə”yə Loris Broqno çıxdı. Belçikalı yarımmüdafiəçi cərimə meydançasında qəbul etdiyi ötürməni soyuqqanlı şəkildə rahatladı və onu Namaşkonun qoruduğu qapıdan keçirdi. Bu qolun cavabını Abanq verə bilərdi. Onun yaxın məsafən vurduğu zərbə hədəfə düşmədi. “9” nömrə dəqiq oynasaydı, Mehdi Cənnnətov topu tordan çıxarmalı olacaqdı. Çoxdandı milli komandaya çağırılıb-çağırılmaması mübahisə mövzusu olan Ağabala Ramazanov 42-ci dəqiqədə “Keşlə”ni növbəti dəfə cəzalandırdı. Davit Volkovun qüvvətli zərbəsini dəf etməyə çalışan qapıçı Namaşko həmin epizodda Ağabalanın assisenti rolunu öz üzərinə götürdü. İki top fərqiylə geri düşən qonaq komanda məğlubiyyətlə barışmalı oldu.

Bu qələbə sayəsində “Zirə” xalını 15-ə çatdırdı və 3-cü pillədəki “Qəbələ”yə çatdı. “Keşlə” üçünsə tunelin sonunda işıq hələ də görünmür. 9 oyuna 7 xal toplayan qəsəbə komandası elə yeddinci pillədə də “möhkəmlənib”.

“Qarabağ” – “Neftçi”  4:0
Qollar:
Filip Ozobiç, 10, 23, pen., Abdullah Zubir, 14, Marko Veşoviç, 90+2

Turun mərkəzi oyununda “Qarabağ” “Neftçi”ni üstələdi. Özü də minimal hesabla yox, “köhlən atlar” əsas rəqibinin qapısından 4 cavabsız top keçirdilər. “Azərsun Arena”da meydan sahiblərinin üstünlüyü o qədər böyük idi ki, oyundan sonrakı mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Samir Abasov da səviyyə fərqini qabardıb futbolçularından şikayətləndi. Düzdür, baş məşqçinin öz futbolçularını belə pisləməsi, onların acizliyindən danışması məşqçi etikası baxımından yaxşı hal kimi qiymətləndirilə bilməz. Amma Samir bəyin bu cür davranışı başqa söhbətin mövzusudur. Biz isə oyun ərzində yaşanan epizodlardan danışaq.

Artıq 4-cü dəqiqədə “Neftçi” hesabı aça bilərdi. Emin Mahmudov yaxın məsafədən zərbə endirsə də, Şahruddin əla reaksiya göstərdi və onun sevinməsinə imkan vermədi. “Qol pərdəsi” 10-cu dəqiqədə açıldı. Özü də həmin epizodda Ozobiç heç də qol vurmaq üçün əlverişli mövqeydə deyildi. Kadinin ötürməsindən sonra iti bucaq altında zərbə vuran xorvatiyalı topu dirəyin yanından tora qovuşdurdu. Zubirin 14-cü dəqiqədə vurduğu qol da səviyyə fərqinin göstəricisi idi. Hesabı darmadağın həddinə isə Ozobiç çatdırdı. Zubirin qolundan 9 dəqiqə sonra Aqil Məmmədov Patrik Andradeyə qarşı kobud oynadı və Əliyar Ağayev düşünmədən “ağ nöqtə”ni göstərdi. Ozobiçin penaltidən vurduğu zərbə qapıçı üçün qarşısısıalınmaz oldu. Çarəsiz “Neftçi” oyuna əlavə edilmiş dəqiqələrdə azarkeşlərini daha bir dəfə üzdü. Aqil topu uzaqlaşdırmaq istəyərkən kobud səhvə yol verdi və Marko Veşoviç onun hədiyyəsini qola çevirməyə çətinlik çəkmədi.

Ötən tur “Səbail”ə uduzan və “Neftçi”nin ümidlərini cücərdən “Qarabağ” bu darmadağınla çempionluğa əsas namizəd olduğunu bir daha isbatladı. Qurban Qurbanovun komandası topladığı 20 xal sayəsində turnir cədvəlinin şəriksiz lideridir. “Neftçi” isə 17 xalda qaldı. Bu gedişlə “ağ-qaralar” ikinci pilləni də əldən verə bilər. 

“Qəbələ” – “Sabah” 1:3 
Qollar:
İsnik Alimi, 69-p. - Coy-Lens Mikels, 20, Fofana Tiemoko, 39, Aleksey İsayev, 63

Görünən odur ki, “Sabah”dakı baş məşqçi dəyişikliyi futbolçuları dirildib. Düzdür, komandanı Qəbələdə meydana Murad Musayev yox, Anatoli Ponomaryov çıxarmışdı. Yeni baş məşqçi isə tribunadan komandasını izləyirdi. Məlum məsələdir ki, futbolçular da yeni baş məşqçinin onlara göz qoyduğunun, bir sözlə, komandadakı gələcəklərinin necə olacağına qərar verildiyinin fərqində idilər. Elə bu səbəbdən də “Sabah”ın futbolçuları səfərdə özlərini yaxşı tərəfdən göstərə bildilər.

Artıq fasiləyə qədər “Qəbələ”nin qapıçısı Nicat Mehbalıyev topu iki dəfə tordan çıxarmalı olmuşdu. Fernan Lopes ilk dəqiqələrdə dəqiq oynayıb, “Qəbələ”ni hesabda önə çıxara bilsəydi, nəticənin fərqli olması mümkün idi. Amma Lopes bunu bacarmadı. Görüşdə hesab 20-ci dəqiqədə açıldı. Coy-Lens Mikelsin uzaqdan vurduğu qüvvətli zərbə “Sabah”ın Qəbələyə qədər gələn azsaylı azarkeşlərinin üzünü güldürdü. Mikels çox keçmədi ki, məhsuldar ötürməylə də diqqət mərkəzinə düşdü. Fofana Tiemoko onun ötürməsini əla baş zərbəsiylə qapıdan keçirdi. Aleksey İsayevin 63-cü dəqiqədə vurduğu qol daha baxımlı alındı. “Sabah”ın “10” nömrəsi cərimə meydançasının xətti üzərindən vurduğu qolla komandasının üstünlüyünü 3 topa çatdırdı. Aliminin penaltidən fərqi azaltması isə “Qəbələ” üçün zəif təsəllidən başqa bir şey deyildi.

Bu tur xalsız qalan “Qəbələ” “Zirə”nin isti nəfəsini lap yaxından hiss etməli oldu. Artıq bu iki komandanın xalları bərabərdir. “Sabah” isə xalını yeddiyə yüksəldib “Keşlə”yə çatdı.

“Sumqayıt” – “Səbail” 2:0
Qollar:
Rəhim Sadıxov, 37. Səid Rza, 74.
Qırmızı vərəqə: Nikolas Raysel, 63

Ötən tur “Sumqayıt” azlıqda qalmış və “Sabah”a böyük hesabla uduzmuşdu. Bu dəfə isə onun rəqibi “Səbail”in futbolçusu qırmızı vərəqə gördü. Amma bir məsələni mütləq qeyd etməliyik ki, Rəhim Sadıxov cərimə zərbəsindən gözəl qol vuranda meydanda futbolçuların sayı bərabər idi, Nikolas Raysel hələ meydandan qovulmamışdı. Sadıxovun 37-ci dəqiqədə vurduğu qol “Sumqayıt”a özünəinam gətirdi. Ötən tur “Qarabağ”ı məğlub edən “Səbail”in həmin qələbəsi isə bir atımlıq barıt dəyərində oldu.

Aftandil Hacıyev ikinci yarıda etdiyi ardıcıl əvəzetmələrlə vəziyyəti dəyişməyə çalışsa da, “Səbail” üçün qatar çoxdan getmişdi. Azlıqda qalan qonaqların oyunu dağınıq, hücumları isə kəsərsiz görünürdü. Əvəzində iranlı futbolçu Səid Rza “Sumqayıt”ın heyətində ilk qolunu vurdu. Baş hakim Fərid Hacıyevin oyuna əlavə etdiyi 7 dəqiqədə də “Səbail” üçün dəyişən heç nə olmadı və qonaqlar 0:2 məğlubiyyətlə barışdılar. 

Bu yerdə onu da xatırladaq ki, “Sumqayıt” 2-ci turdan bəri qələbəyə həsrət idi və bu komandaların ilk dövrədəki qarşılaşmasında “Səbail” 3 xal qazanmışdı. 11 xalı olan “Sumqayıt” 5-ci pilləyə yüksəldi. Maraqlıdır ki, onlar həmin pillədən elə “Səbail”i aşağıya doğru “sürüşdürdülər”.

Amal Abuşov

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X