"Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində "Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, o, 3:0 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"Sonuncu pillələrdə olmaq istəmirik. Aşağı sıralarda gedən kollektivlər üz-üzə gəlirdi. Çətin olacağını bilirdik. "Zirə" ilə görüşdə çox yaxşı oynamışdılar. "Neftçi"yə qarşı isə daha çox müdafiəyə üstünlük verirdilər. Bu gün üçüncü zonada rəqibə pressinq tətbiq etməyə çalışırdıq. Bu, bəzən alınırdı. 2:0 öndə olsaq da, komandanın boşalmasını istəmirdim.
Futbolçular verilən tapşırıqları yerinə yetirdilər və 3 xal qazanmaq üçün əllərindən gələni etdilər. Bundan əvvəl də komanda yaxşı oynayırdı, sadəcə, qol imkanlarından yararlana bilmirdik.
Çempionat sona yaxınlaşdıqca oyunlar daha da çətinləşir. Artıq bu qarşılaşmanı unudub növbəti matça hazırlaşmalıyıq".