
"Neftçi"nin yeni baş məşqçisi Laurentsiu Regekampf Türkiyənin Bolu bölgəsində "Sakaryaspor"la 1:1 hesablı heç-heçə etdikləri yoxlama oyununu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, rumıniyalı çalışdırıcı klubun rəsmi televiziyasına belə danışıb:
"Hazırlıq dönəmimizin ilk yoxlama matçı idi. Futbolçular üçün asan deyildi. Burada çoxlu məşq edirik. Əsas olan futbolçuların meydanda özlərini necə göstərməsi və nə cür oynayacağımızı görmək idi. Növbəti iki sınaq matçımız da belə olacaq. Məqsəd iyulun 21-də Kiprin "Aris" komandasına qarşı keçirəcəyimiz UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununa tam hazır olmaqdır. Yoxlama görüşləri də bu işdə bizə kömək edir.
Əlimizdəki oyunçuların hamısını iş başında görmək istəyirik. Futbolçuların nəyə qadir olduqlarını göstərmələri üçün onlara şans verməliyəm. Əsas hədəfimiz komandanı formalaşdırmaqdır. Növbəti oyunlarda ilk dəqiqələrdə meydana çıxan futbolçular daha uzun müddət oynayacaqlar. Çünki onları ilk rəsmi matça hazırlamalıyıq.
Bugünkü matçda zədə problemi ilə üzləşmədiyimiz üçün şadam. Oyunda müsbət və mənfi məqamlara rast gəldim. Bu, normaldır. Oyunu futbolçularla birlikdə təhlil edəcəyik".
Qeyd edək ki, "Neftçi" Bolu toplanışında daha 2 yoxlama matçı keçirməyi planlaşıdırır.