
Bu gün UEFA Konfransr Liqasının III təsnifat mərhələsində "Neftçi" Avstriyanın "Rapid" klubuna qarşı cavab görüşünü keçirəcək.
Vyanada baş tutacaq matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Azərbaycan millisinin sabiq baş məqşçisi və Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev Fanat.Az-a verdiyi açıqlamada sözügedən oyunla bağlı gözləntilərini bölüşüb.
55 yaşlı mütəxəssis əvvəlcə "Neftçi"nin şanlarını dəyərləndirib: "Hesab edirəm ki, şanslar bərabərdir. Baxmayaraq ki, "Neftçi" Bakıda qalib gəlib, səfərdə asan olmayacaq. "Rapid" xüsusilə ikinci hissədə göstərdiyi futbolla səviyyəsini nümayiş etdirdi. "Neftçi" üçün çətin oyun olacaq. Ancaq elə meydan sahibləri üçün də görüş asan keçməyəcək. Taktikadan çox şey asılı olacaq. Qol vurmaq üçün "Rapid" irəli atılacaq. Belədə "Neftçi" arxada boşluq verməməlidir. Üstəlik, əks-hücumlarda dəqiq oynamaq lazımdır. Əslində, bakılılar bunu icra edəcək texnikalı və sürətli oyunçulara sahibdir. "Neftçi"nin vuracağı ilk qoldan çox şey asılı olacaq. Çünki rəqib hirslənəcək və belədə, səhvlər sıralana bilər".

Diniyev "Rapid"in ilk oyun ərəfəsində "Neftçi"ni lazımınca dəyərləndirmədiyini deyib: "Onları "Aris"lə oyunlar aldatdı. "Ağ-qaralar" Kipr komandası ilə səfərdəki oyunu bərbad keçirmişdi. Bakıda qələbə qazansalar da, yenə texniki planda səhvlər var idi. Avstriya təmsilçisinin məşqçiləri isə həmin oyuna baxıb "Neftçi"ni təhlil etmişdilər. Ancaq insafən, komandamız "Rapid"lə ilk görüşdə çox yaxşı oyun sərgilədi".
Vaxtilə futbolçu kimi İsraildə legioner həyatı yaşayan təcrübəli məşqçi "Neftçi"nin bu ölkədən gələn yeni transferlərini də dəyərləndirib: "Onsuz da komandanın heyətində Emin Mahmudov, Eddi İsrafilov, Yusuf Laval kimi keyfiyyətli, texnikalı futbolçular var. Son klubu "Makkabi Hayfa" olan Qodsvey Donyo, "Aşdod"dan transfer edilən Ataa Caber və Kenni Sayef isə komandanın gücünə güc qatıb. Üçü də texnikalı və nəticəni dəyişə bilən futbolçulardır. Hesab edirəm ki, yeni transferləri "Neftçi"yə əlavə keyfiyyət gətirib".
Mirağa